Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yarandıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə müstəqil Azərbaycanın polisinin yaradılmasına başlanılıb. Ölkəmizin ilk Daxili İşlər naziri isə Fətəli Xan Xoyski olub. O, 1918-ci il mayın 28-dən iyunun 17-nə qədər bu vəzifəni icra edib.
Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlıqla mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib. AXC süqut etdikdən sonra bolşevik diktaturası bütün milli dövlət və hüquq-mühafizə strukturlarını, o cümlədən milli polisi də ləğv etdi.
Əvəzində “milis” adlandırılan bir qurum yaradıldı. Sovet milisi ilk illərdə daha çox ideoloji faktor kimi fəaliyyət göstərsə də, 50-ci illərə qədər əsasən dövlətin repressiv aparatının bir vasitəsi rolunu oynasa da, etiraf edək ki, təhlükəsizliyin qorunması, cinayətkarlığa qarşı mübarizədə də misilsiz xidmətlər göstərib.
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra isə milli polis bərpa olundu, onun funksiya və vəzifələri dəqiqləşdirildi.
Azərbaycan polisi Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə də fəal iştirak edib. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 1695 üzvü bu müharibədə şəhid olub. Polisin sıralarında 67 nəfər Milli Qəhrəman adına, habelə 1143 nəfər müxtəlif orden və medallara layiq görülənlər var.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yaranmış mürəkkəb vəziyyət, ölkə həyatının bütün sahələrini bürümüş hərc-mərclik və özbaşınalıq hüquq mühafizə strukturlarından da yan keçməmişdi. Ölkədə baş alıb gedən özbaşınalıq, kriminal hadisələr güclü polisin yaranmasını zəruri edirdi.
Mərhum prezident Heydər Əliyevin 1994-cü ildə imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərman ölkədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə çox uğurlu bir başlanğıc oldu.
Qısa müddət ərzində ölkədə kriminogen durum xeyli dəyişdi, görülən tədbirlər sayəsində on minlərlə odlu silah yığıldı, yüzlərlə cinayətkar dəstə zərərsizləşdirildi, bir çox təhlükəli və xüsusilə ağır cinayətlərin, o cümlədən terror aktlarının, dövlət çevrilişinə cəhdlərin qarşısı alındı. Qısa müddətdə cinayətkarlığın dinamikasında müsbət dəyişikliklər müşahidə olundu. Artıq 2002-ci ildə ölkədə qeydə alınan cinayətlərin açılması 1992-ci illə müqayisədə 67 faizdən 95 faizə yüksəlmiş, ümumi cinayətlərin sayı 31 faiz, bağlı qalmış cinayətlər 13 dəfə azalmışdı.
Ölkədə siyasi sabitliyin, ictimai asayişin qorunub saxlanmasında daxili işlər orqanları hər zaman ayıq-sayıq olub. 2005-ci ildə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin başçılığı ilə ölkədə planlaşdırılan dövlət çevrilişinin qarşısının qətiyyətlə alınmasında, ötən ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli zabitlərinin qanunsuz əməllərinin ifşası və onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin yerinə yetirilməsində DİN-in qüsursuz fəaliyyəti danılmazdır.
Son illərdə DİN-in fəaliyyətində xüsusi çevikliyin yaradılması, ələlxüsus “102” qaynar xəttinin aktiv fəaliyyəti, cəmiyyətdə baş verən ən xırda cinayət xarakterli əməllərin belə qeydə alınması və ona qarşı göstərilən operativ reaksiya bu qurumun ictimai əhəmiyyəti ilə bərabər, sosial güvənini də artırıb. Əlbəttə, nöqsanlar və qüsurlar da yox deyil, amma vacib odur ki, bu nöqsanlara qarşı ölkə və DİN rəhbərliyinin güclü siyasi iradəsi, ictimai həssaslığı və cəsarətli qərarları var.
1998-ci ildən iyulun 2-si Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Sosial Platformamızı bəyənin