TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzində (STM) “Heydər Əliyev ili” çərçivəsində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
STM-nin direktor vəzifəsini müvəqqəti icra edən İlkin Namazovun və kollektivin iştirak etdiyi “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilən tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan şəhidlərimizin və Ümummilli lider Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səslənməsi və videoçarxa baxışla başlayan tədbiri giriş sözü ilə açan STM-nin direktor müavini Arzu Bəndəliyeva 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, müstəqilliyimizin möhkəmləndirilməsi dönəmində ölkəmizdə dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən böyük işlər dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir.
A. Bəndəliyeva 44 günlük Vətən müharibəsinə və bu ilin sentyabr ayında keçirilən lokal antiterror əməliyyatlarından bəhs edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında məğlubedilməz Ordumuzun qələbəsinə diqqət çəkib. Vurğulayıb ki, bu qələbə xalqımızın qəlbində və zehniyyətində qəhrəmanlıq salnaməsinə çevrilib.
Digər çıxış edənlər – Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin müdiri, “Əməkdar həkim” Sehri Babayev və STM-nin hüquqşünası Günay İbrahimli dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən bəhs edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilib.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik