Qazi intiharları ölkənin üz qarası olmaqla gəncliyin, millətin vətənpərvərlik duyğularına böyük zərbədir. Qazilərin sosial rifahı, onların psixoloji qayğıları kimlərin ixtiyarına verilibsə, hər bir intihar halı, hər bir problem onların məsuliyyətsizliyidir. Yazılanlara görə, onların bir çoxu üzləşdiyi haqsızlıqlara, məmurların etinasız münasibətinə etiraz edərək intihar ediblər. Bəzi qəhrəmanlarımız isə öncədən hər hansı narazılıq bildirmədən – ruhi-psixoloji travmalar səbəbindən canına qıyıb. Bütün hallarda – səbəbindən asılı olmayaraq postmüharibə dövründə onlarla qazinin intihar etməsi son dərəcə ağır hadisədir. Azərbaycan Vətən Savaşını qələbə ilə başa vurub və bütün xalqımızın bir yumruğa çevrildiyi bu zamanda qazilərimizin rolu müstəsnadır. Onların problemlərinin həlli üçün çalışmaq hər bir vətəndaşın borcudur. Səlahiyyət sahibi olan məmurlar isə birbaşa bu işə məsuldurlar və məsuliyyətlərini dərk etməlidirlər. 1987-ci ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində anadan olmuş Həbibov İlkin Füzuli oğlu orta texniki ixtisas təhsilli hüquqşünasdır. Həmçinin “BC” kateqoriyalı sürücülük peşəsinə yiyələnib. 2011-ci ilin oktyabrında Füzuli rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi həyatını hərbi işə bağlayıb. Lakin… İlkin Həbibov Vətən müharibəsi iştirakçısıdır – Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2369 saylı Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub. Döyüşlərdə fərqləndiyi üçün fəxri fərmanları var. Hazırda paytaxtın Bayıl qəsəbəsində 6-cı Mədən, Arif Hacıyev küçəsi 32 C ünvanda yarıuçuq daxmada yaşayan məcburi köçkün İlkin Həbibov dolanışığını təmin etmək üçün özünə iş tapa bilmir. Çəkiliş qrupumuza kürsüsüz evinin acınacaqlı şəraitini göstərərək, borcun-xərcin içində olduğunu, ailəsini dolandıra bilmədiyini, iki övladını saxlamaqda çətinlik çəkdiyini, hətta əyinlərinə geyməyə paltar almağa pulu olmadığını, artıq həyatdan bezdiyini deyir. Müraciət etdiyi iş yerlərində isə ona imtina edilir. Üz tutduğu aidiyyəti qurumlar onun probleminə biganə yanaşırlar. Səbəb də budur ki, o, 2015-ci il tarixdə “N” saylı hərbi hissənin qərargah rəisinin əmri ilə “Hərbi xidmət keçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “a” bəndinə müvafiq (xidmətə uyğunsuzluğa görə) ehtiyata buraxılıb. Hərbi biletində də bu nöqsan barədə qeydlər olduğu üçün sənədi təqdim etdiyi müəssisələrdə ona iş vermirlər. İlkin Həbibov haqlı sual ortaya qoyur: “Necə olur, döyüşə, ölümə gedəndə işə yarayıram, amma balalarım üçün çörək yeri axtaranda uyğunsuz oluram?”
Elsevən Gözəldərəli
Sosial Platformamızı bəyənin