Azərbaycan Milli Elmlər Akademiyasının Direktorlar Şurasının ilk iclası keçirilib.
Yenisabah.az xəbər verir ki, iclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların direktorları, direktor müavinləri və aidiyyəti şəxslər iştirak ediblər.
İsa Həbibbəyli çıxış edərək bildirib ölkəmiz yeni tarixi mərhələyə qədəm qoyur. AMEA rəhbəri diqqətə çatdırıb ki, hazırda qarşımızda duran başlıca vəzifə Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirdiyi “gələcək dövr üçün milli ideyamızın və dövlətimizin yeni inkişaf strategiyasının müəyyənləşdirilməsi”ndə aktiv iştirak etməkdən ibarət olmalıdır və bu xüsusda Humanitar və İctimai Elmlər bölmələrinin alimlərinin üzərinə böyük məsuliyyət düşür. Akademik İsa Həbibbəyli dövlət başçısının sözügedən tapşırığının icrası istiqamətində AMEA-nın Rəyasət Heyətində ilkin müzakirələrin aparıldığını və milli ideyamızın və dövlətimizin yeni inkişaf strategiyasının müəyyənləşdirilməsi üçün elmi müəssisələrdə alimlərin iştirakı ilə növbəti müzakirələrin keçiriləcəyini bildirib.
İsa Həbibbəyli Akademiyanın hazırda yeniləşmə yolunda inamla addımladığını vurğulayıb.
Bildirilib ki, AMEA-nın elmi müəssisələri arasında qarşılıqlı əlaqələrin yaradılması, təcrübə mübadiləsinin aparılması, elmi tədqiqat işlərinin müasir tələblərə uyğun aparılması üçün yeni mexanizmlərin işlənib hazırlanması, birgə elmi və elmi-texniki tədbirlərin təşkili, əmək intizamının tənzimlənməsi məqsədilə Direktorlar Şurası yaradılıb.
İclasda Direktorlar Şurasının hüquq və vəzifələri, eləcə də fəaliyyət istiqamətlərini əks etdirən Əsasnaməsi müzakirəyə çıxarılıb və Əsasnamənin təsdiq olunması üçün AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
İclasda həmçinin AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda əmək intizamının vəziyyəti haqqında məsələ geniş müzakirə olunub və müvafiq qərar qəbul edilib. Memarlıq və İncəsənət İnstitutunda əmək intizamı sahəsində yol verilmiş nöqsanlara görə İnsan resursları şöbəsinin müdiri, müxtəlif elmi-tədqiqat şöbələrində çalışan 4 nəfər elmi işçi tutduqları vəzifələrdən azad ediliblər. İnstitutun bir neçə nəfər əməkdaşına əmək intizamı sahəsində yol verdikləri nöqsanlara görə töhmət elan olunub.
Tədbirdə müzakirələrdə AMEA-nın vitse-prezidentləri – akademik Rasim Əliquliyev və akademik Gövhər Baxşəliyeva, həmçinin AMEA-nın müxbir üzvü Musa Qasımlı, professor İlham Məmmədzadə, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Sosial Platformamızı bəyənin