Sumqayıtda “Uşaq və qadın sağlamlığına multidisiplinar yanaşma” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Rusiyadan dəvət olunmuş həkimlərin iştirak etdiyi tədbirdə öncə Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib.
TƏBİB-in təşkilatçılığı ilə keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov gələn qonaqları salamlayıb və qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd yenidoğulmuş uşaqlara tibbi xidmətin göstərilməsi, diaqnostika, müalicə prosesi ilə bağlı tibb işçilərinin bilik və bacarıqlarının artırılmasından ibarətdir.
E.Azadxanov onu da diqqətə çatdırıb ki, ana və uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyət, səmərəliliyinin yaxşılaşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müasir tibbi avadanlıqlar, cihazlar və alətlər alınıb.
Yeni alınmış tibbi avadanlıqlar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində hamilə qadınların, habelə perinatal, neonatal və postneonatal dövrlərdə uşaqların müxtəlif müayinə və müalicəsində istifadə olunacaq.
Sumqayıt Tibb Mərkəzinin direktor müavini Ramin Qasımov keçirilən tədbirin əhəmiyyətindən danışıb.
TƏBİB-in Tibb müəssisələrində Təlimlərin idarəolunması şöbəsinin müdiri Emil İskəndərov qeyd edib ki, tədbirdə ana və uşaq sağlamlığı üzrə çalışan 150 nəfərə yaxın tibbi heyət iştirak edir.
Rusiyadan dəvət olunan həkimlər öz praktikalarını yerli həkimlərlə bölüşüblər. Tədbir panel iclasları ilə davam edib.
Panel iclasında çıxış edən Sumqayıt Tibb Mərkəzinin direktor müavini, Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəbli qeyd edib ki, son illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində Azərbaycanda ana və uşaq sağlamlığının qorunması sahəsində göstərilən tibbi xidmətlərin keyfiyyəti xeyli yüksəldilib, beynəlxalq diridoğulma meyarları müvəffəqiyyətlə tətbiq olunub, mamalıq-ginekologiya, pediatriya və neonatologiya üzrə kadr potensialı əhəmiyyətli dərəcədə gücləndirilib.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik