Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında 2026-2030-cu illər ərzində mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə və Azərbaycanın mədəni dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin edilməsi nəzərdə tutulur.
Maraqlıdır ki, bu fənnin adı nə ola bilər? Hansı ixtisası bitirən müəllimlər bu fənni tədris edə bilər? Ümumiyyətlə, bu fənn hansı siniflərdə tədris olunmalıdır?
Oxu24.com xəbər verir ki, bu barədə AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova danışıb.
O, qeyd edib ki, bu, gələcək nəsillərin dünyagörüşünü formalaşdıran canlı bir mexanizmdir:
“Bu Konsepsiyanın mahiyyətini düzgün anlamaq üçün ilk növbədə Cənab Prezident İlham Əliyevin mədəniyyətə və milli dəyərlərə dair formalaşdırdığı uzunmüddətli baxış bucağına diqqət yetirmək lazımdır. Prezident öz çıxışlarında dəfələrlə vurğulayıb ki, mədəniyyət hər bir xalqın kimliyini yaşadan əsas dayaqlardan biridir və dövlətçilik ənənələrinin davamlılığı məhz bu mənəvi sütunlar üzərində qurulur. Onun yanaşmasına görə, milli mədəniyyət yalnız qorunmalı miras deyil, eyni zamanda gələcək nəsillərin dünyagörüşünü formalaşdıran canlı bir mexanizmdir.
Bu baxımdan “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası sadəcə mədəniyyət sahəsi üzrə strateji sənəd deyil, həm də təhsil, ictimai düşüncə və milli kimlik arasında körpü yaradan fundamental bir yol xəritəsidir. Xüsusilə 2026-2030-cu illər üçün nəzərdə tutulan mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi ideyası Prezidentin “milli dəyərlərə söykənən, eyni zamanda müasir düşüncəli cəmiyyət” modelinin praktik təzahürü kimi qiymətləndirilə bilər”.
Sosial Platformamızı bəyənin