AzTurktv.com un Azadlıq Qəzeti Facebook səhifəsində dərc etdiyi məlumata görə
Azərbaycan İsraildən 1,2 milyard dollar dəyərində “Barak MX” hava hücumundan müdafiə sistemi alacaq. Bu sistemlər buraxdığı raket növündən aslı olaraq 35 km-dən 150 km- dək məsafədə aviasiya vasitələrini və hücum raketlərini zərərsizləşdirə bilir.
Qeyd edək ki, bu ərəfədə Fransa da Ermənistana qısa mənzilli MİSTRAL “Atlas-RC” HHM sistemiləri və “Bastion” zirehli döyüş maşınları verib.
Göründüyü kimi iki ölkə arasında sülh müqaviləsi uzandıqca, tərəflər arasında silahlanma istiqamətində rəqabət də getdikcə artmaqdadır. İlk baxışdan iki ölkə arasında yeni bir müharibə üçün əsaslı səbəb olmasa da, qlobal və regional güc mərkəzlərinin bu bölgədə toqquşan maraqları yenidın proksi savaşlara yol aça bilər. Xüsusi ilə Rusiyanın Cənubi Qafqazı tərk etmək istəməməsi və Zəngəzur dəhlizi boyu Ermənistan ərazisinə yerləşmək istəyi region üçün münaqişə, silahlı toqquşma potensialı daşıyan şərtlər yaradır.
Ancaq Azərbaycanın İsraildən alacağı HHM müdafiə sistemləri təkcə Ermənistan amili ilə bağlı deyil. Bu il ərzində Azərbaycan və İran arasında yaşanan gərginlik və 44 günlük savaş dönəmində Rusiyanın Bakıya “İskəndər” raketi atması onu göstərdi ki, Azərbaycan Ermənistanla münasibətlərdən asılı olmayaraq öz strateji müdafiəsini gücləndirmək zorundadır.
Bu gün həm Rusiya, həm də İranla münasibətlər hər nə qədər isti görünsə də, regionumuzun təhlükəsizlik konfiqurasiyasının mütəhhərik olması və onun geosiyası rəqabət aparan tərəflər arasındakı qüvvələr nisbətindən asılı olaraq dəyişmə ehtimalı ölkəmizin hava məkanının qorunmasına diqqəti artırmağı zəruri edir.
Nəzərə almaq lazımdır ki, hətta Azərbaycan özü birbaşa münaqişə tərəfi olmasa belə, Orta Şərqdə İsrail və Fələstin arasındakı müharibənin böyüməsi nəticəsində və ya ondan sonra İranla İsrail arasında yarana biləcək hərbi qarşıdurma istəmədən belə Azərbaycanı da hədəfə çevirə bilər. Eyni zamanda Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən enerji sektorunun əsasən Xəzər dənizində yerləşməsi də bir mühüm səbəb kimi hava hücumundan müdafənin önəmini daha da artırır.
Bu baxımdan hazırda Orta Şərq və Cənubi Qafqaz uğrunda gedən geosoyasi rəqabət və qonşu ölkələrin havadan zərbə imkanlarının böyük olması Azərbaycanın müdafiə qabiliyyətini artırmağı və ordu quruculuğunu prioritet sahə kimi diqqətdə saxlamağı zəruri edir.
Fuad Qəhrəmanlı
Bizi Seçdiyiniz üçün təşəkkür edirik