Azərbaycan Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı dayandırdı. Buna səbəb Avropa Şurasının Azərbaycana qarşı ikilik standartların nümayiş etməsi və Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsindən irəli gəldiyiyi bildirilir.
Azərbaycan Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi qeyri-ciddi və qərəzli təşkilatla əməkdaşlığı davam etdirə bilməzdi. Bizim üçün vacib olan Milli maraqlarımızdır. Azərbaycan müstəqil, suveren, demokratik və multikultural dövlət kimi dünyada nüfuz sahibinə çevrilib. AŞPA ilə əməkdaşlığın dayandırılması və qurumun Azərbaycana qarşı qərəzli ittihamları ölkəmizin imicinə təsir etməyib, bundan sonra da edə bilməz.
Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.
Deputat bildirib ki, nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarına ciddi zərbə olacaq. Bunun ciddi və geriyə dönüşü olmayan nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək.
Azərbaycanın AŞPA-ya üzv olduğu 2001-ci ildən etibarən özünü etibarlı tərəfdaş kimi apardığını bildirən K.Nurullayeva deyib: “Ölkəmiz bu qurumdakı fəaliyyəti dövründə qaldırılan məsələlərlə bağlı hər zaman ədalətli mövqe sərgiləyib. Amma təəssüf ki, AŞPA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etməyib. Qərbdəki anti-Azərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər və bu gün də eyni siyasət yürüdülür”.
Deputat bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini həzm edə bilməyənlər ölkəmizlə diktə dilində danışa biləcəklərini düşünürdülər. Lakin Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti çox haqlı qərar verərək bu qərəzli qurumla əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırdı. “Bu tarixi qərarla biz sübut etdik ki, Azərbaycana qarşı səslənən ittihamların heç bir əsası yoxdur. Azərbaycan AŞPA-nın üzvü olduğu illər ərzində bu qurum işğalçı Ermənistanı Avropa əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə qınamayıb. İşğal dövründə azərbaycanlılar zorla evlərindən qovuldular, Qərbi azərbaycanlılar isə etnik təmizləməyə məruz qalmışdılar. AŞPA deyilən qurum Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri əsasında həyata keçirdiyi tədbirləri “etnik təmizləmə” kimi qələmə verərək, yenə anti-Azərbaycan mövqeyindən çıxış edir”.
AŞPA-nın destruktiv mövqedə olduğunu vurğulayan Könül Nurullayeva bu qurumun etnik ermənilərin könüllü şəkildə Qarabağdan çıxmaları ilə bağlı həqiqəti təhrif etməyə çalışdığını bildirərək deyib: “Halbuki köç prosesi və etnik ermənilərlə sivil davranış bütün dünyanın gözü qarşısında baş verirdi. Amma AŞPA yenə həqiqəti görmək və eşitmək istəmədi”.
Mahirə Abdullayeva
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik