Ermənistan hökumətinin bu gün keçirilən iclasında Müdafiə Nazirliyi tərəfindən “Yerkrapa” Könüllülər Birliyinə 234,6 milyon dramın ayrılması barədə qərar qəbul edilib.
Modern.az-ın məlumatına görə, qərarın əsaslandırmasında deyilir ki, 2020-ci ildəki müharibədə çoxlu sayda üzvü (74 nəfər) ölən və yaralanan (114 nəfər) “Yerkrapa” Könüllülər Birliyi mühüm iştirakçı olub. Müharibədən sonrakı dövrdə təşkilatın 4000-dən çox könüllüsü Ermənistan Müdafiə Nazirliyinin tərkibində müxtəlif döyüş mövqelərində döyüş vəzifəsini yerinə yetirib.
“Yerkrapa”nın Ermənistan Müdafiə Nazirliyi ilə əməkdaşlıq etdiyi, onun qarşısına qoyulan vəzifələrin həyata keçirilməsinə köməklik göstərdiyi, Silahlı Qüvvələr üçün əsgərlərin yetişdirilməsi və hazırlanması nəzərə alınaraq ona 2021, 2022 və 2023-cü illərdə hər il üçün 234 638,0 min dram vəsait ayrılıb.
“Yerkrapa” təşkilatı 1993-cü ildə yaradılan və Birinci Qarabağ müharibəsində iştirak etmiş könüllü erməni hərbçiləri birləşdirən terror qurumudur.
“Yerkrapa” Ermənistanda qeyri-hökumət təşkilatı hesab olunur və dövlətdən qrant alır.
Hazırda terror təşkilatına Ermənistan parlamentinin deputatı Sasun Mikayelyan rəhbərlik edir.
Qeyd edək ki, Azərbaycan Ordusu özü gücünü “Yerkrapa”ya sonuncu dəfə bu ilin fevralında göstərib, Belə ki, fevralın 12-də Ermənistan tərəfi Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hərbi təxribat törədib. Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan snayper atəşi nəticəsində bir hərbi qulluqçumuz ağır yaralanmışdı.
Fevralın 13-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri Ermənistanın təxribatına cavab olaraq şərti sərhəddə “qisas əməliyyatı” keçirdi.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan tərəfinin həmin əməliyyatı nəticəsində 4 erməni hərbçi məhv olub, 1-i yaralanıb. Onların hamısı “Yerkrapa”nın könüllü döyüşçüləri idi.
A.Qorxmaz
Sosial Platformamızı bəyənin