Azərbaycanda maaşlar sahələr üzrə ciddi fərqlənir və rəsmi statistikaya görə bu fərq kifayət qədər böyükdür. 2026-cı ilin əvvəlində ölkə üzrə orta aylıq əməkhaqqı təxminən 1 100 manat civarındadır. Lakin bu rəqəm bütün sahələri əhatə etdiyi üçün real vəziyyəti tam əks etdirmir. Bəzi sektorlar bu ortalamanı xeyli üstələyir.
Metbuat.az-ın apardığı araşdırma zamanı məlum olub ki, 2026-cı ildən ən yüksək maaş yenə də neft-qaz sektorunda qeydə alınıb. Bu sahədə orta aylıq əməkhaqqı təxminən 4 000 – 4 100 manat təşkil edir ki, bu da ölkə ortalamasından təxminən 3-4 dəfə çoxdur. Məsələn, neft treyderləri orta hesabla 3 700 – 5 500 manat, bəzi yüksək ixtisaslı mühəndislər isə aylıq hesabla 4 000 manatdan yuxarı gəlir əldə edə bilir. Hətta yüksək vəzifəli menecerlərin illik gəliri 60-70 min manat səviyyəsinə qədər yüksələ bilir ki, bu da ayda 5 min manatdan çox məvacib deməkdir.
Digər yüksək maaşlı sahələr arasında İT və maliyyə sektoru xüsusi yer tutur. Proqramçılar və texniki mütəxəssislər orta hesabla 1 500 – 4 000 manat, yüksək səviyyəli mütəxəssislər isə 5 000 manata qədər maaş ala bilirlər. Maliyyə analitikləri və bank sektorunda çalışan peşəkarların gəlirləri də təxminən 1 500-3 500 manat arasında dəyişir. Müqayisə üçün qeyd edək ki, qeyri-neft sektorunda orta maaş təxminən 1 050 manatdır.
Qeyd edək ki, hökumət başçısının və digər yüksək rütbəli məmurların maaşı daha yüksəkdir. Bu ilin yanvarından etibarən ölkədə Baş nazirin maaşı 17160 manat olub. Baş nazirin birinci müavini 15950, Baş nazirin müavini 14850, nazirlər isə 13750 manat maaş alır.
Hazırda Bakı şəhər icra hakimiyyəti başçıısnın məvacibi 13200, Gəncə və Sumqayıt şəhərlərinin rəhbərlərinin əmək haqqı 9900, digər şəhər və rayonların icra başçılarının maaşı isə 8800 manatdır.
Nazim Hüseynzadə / Metbuat.az
Sosial Platformamızı bəyənin