Medianews.az sayt;nın yaydığı məlumata görə İyulun birindən taksilərin fəaliyyətində dəyişikliklər olacaq.
Dəyişikliklərə əsasən, taksi kimi istifadə olunan avtomobillərin görüntüsündə olan yeniliklər (rəng və formasının dəyişməsi) “Bolt”, “Uber” bu kimi digər özəl taksi şirkətlərinə də şamil olunacaq?
Taksi sürücülərindən tələb olunan tibbi yoxlama və s. sənədləri AYNA-nın bazasında yerləşdiriləcək yoxsa bunlara taksi şirkətləri özləri nəzarət etməlidir?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Mətbuat katibi Tural Orucov Referans.az-a verilən açıqlamada bildirib ki, qaydalar tətbiq olunan gündən etibarən taksi sifarişi operatorları sözügedən icazəsi olmayan taksi minik avtomobilinin sürücüsünə sifariş ötürə bilməzlər. Bunu edən taksi operatorları İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnəcəklər.
“Yeni qaydalara əsasən, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır.
İstehsal tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri kimi istifadə edilə bilməz. Bu, qanunvericilikdə əvvəl də var idi, indi də dəyişməyib. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq tələbləri ödəyən sürücülər 2024-cü ilin iyul ayının 1-nə qədər AYNA-ya müraciət edərək buraxılış ilindən 15 il keçməyən nəqliyyat vasitələrinə buraxılış kartı ala bilərlər. 2024-cü ilin iyul ayının 1-dən sonra buraxılış kartı almaq üçün təqdim edilən avtomobillər – buraxılış ilindən 8 il keçməyən avtomobillər olmalıdır”.
Qurumdan verilən məlumatda qeyd olunub ki, taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün idxal edilən və ya ölkədə istehsal olunan avtonəqliyyat vasitələrinə şamil edilir.
“Nazirlər Kabinetinin 71 nömrəli Qərarına əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərin isə reysqabağı tibbi müayinədən keçirməsini təmin etməlidirlər. Sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələr və psixotrop maddələrdən istifadənin müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatlar, eyni zamanda xüsusi hazırlıq keçməsini təsdiq edən sənəd də təqdim edilməlidir. Qeyd olunan sənədlər olmadığı təqdirdə daşıyıcılar icazəyə müraciət edə bilmirlər.
Texniki və tibbi müayinə hər reysqabağı həyata keçirilməli və bu barədə AYNA-ya məlumat verilməlidir.
Taksi sifarişi operatorları tərəfindən “AYNA” informasiya sisteminə adsızlaşdırılmış məlumatlar real vaxt rejimində ötürüləcək.
Bu məlumatların toplanması taksi daşımaları barədə müfəssəl məlumat bazasının formalaşmasına, nəqliyyat xidmətlərinin və infrastrukturunun təkmilləşdirilməsi məqsədilə aparılan təhlillərdə bu məlumatlardan istifadə olunmasına və daha əsaslandırılmış qərarların qəbul edilməsinə, həmçinin taksi daşımalarının təhlükəsizliyinin artırılmasına əhəmiyyətli töhfə verəcək”.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, tətbiq olunacaq yeniliklər Azərbaycan ərazisində fəaliyyət göstərən bütün taksi şirkətlərinə şamil olunacaq. Ölkə ərazisində fəaliyyətdə olan heç bir taksi bu qaydalardan kənarda qala bilməz.
“Hazırda qeydiyyatdan keçən şəxslər 15 ili tamam olmayan nəqliyyat vasitələri ilə də taksi kimi fəaliyyət göstərə bilərlər. Amma bir məsələ də var ki, bəzi sürücülər bu səhvi edir. Çünki deyək ki, 14 il 2 ayın maşınını qeydiyyatdan keçirmək istəyirlər və cəmi 8 aylıq icazə kağızı alırlar. Əslində, taksi buraxılış kartı onlara 7 il müddətinə verilir. Buna görə də vətəndaşlar avtomobillərini yeniləyib daha sonra qeydiyyat üçün müraciət etmək məsləhət görülür”.
Ekspert deyib ki, rəng məsələsi sadəcə iyulun birindən etibarən nəzərdə tutulub. Hazırda isə istənilən rəngdə avtomobillə qeydiyyatdan keçmək mümkündür. Yeganə şərt avtomobilin 15 ilinin tamam olmamasıdır.
“Mütləq şəkildə tibbi yoxlanışlar həyata keçirilməlidir. Sağlamlıq arayışının ardınca taksi sürücüsü kimi fəaliyyət göstərmək istəyənlər gündəlik müayinədən də keçməlidirlər. Buna reysqabağı tibbi müayinə deyilir”.
Ekspert son olaraq qeyd edib ki, sürücü haqqında məlumat sürücü haqqında məlumat, onun təmsil etdiyi şirkət, telefon nömrəsi, fotoşəkili və s. məlumatlar bir lövhəyə vurularaq avtomobildə rahat görüləbilən bir yerə yerləşdirilməlidir.
Sosial Platformamızı bəyənin