Artıq, yaşadığımız 2023-cü il Azərbaycanın çoxəsrlik tarixinə “Heydər Əliyev İli” kimi daxil olur. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ili “Heydər Əliyev İli” kimi elan etməsi ölkəmizin çoxəsrlik tarixinin bu qeyri-adi təqvim ilini də əbədiləşdirmişdir. Sərəncamı əsasında, bu ilin “Heydər Əliyev İli” kimi keçirilməsi respublikamızda müstəqil dövlətçilik düşüncəsinin, azərbaycançılıq ideallarının, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə özünün sanballı töhfələrini verəcəkdir. Sözügedən Sərəncam, “Heydər Əliyev İli”nin həm nəzəri-metodoloji mahiyyətini, həm də, əməli-praktik istiqamətlərini aydın surətdə əks etdirirvə gerçək, əhəmiyyətli bir proqramıdır.
“Heydər Əliyev İli”ndə Ümummilli Liderin fəaliyyətinin siyasi-fəlsəfi miqyası və missiyasının mahiyyəti dərindən və hərtərəfli surətdə tədqiq edilərək araşdırılmalıdır. Görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir şəxsiyyətlərdən biri, türk dünyasının və ümumən, sivil dünyanın qüdrətli simalarındandır. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz şəxsiyyət liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Tanrı ona hər bir üstünlüyü bəxş etmişdi: Gələcəyi dəqiq müəyyənləşdirən, tarixin nizamını təmin edən təfəkkür, parlaq natiqlik məharəti, siyasi iradə, güclü dövlətçilik duyğusu, çevik idarəetmə məharəti, insanların qəlbinə yol tapmaq, xalqın qüdrətinə arxalanmaq bacarığı!
Hamıya yaxşı məlumdur ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dünyada görkəmli dövlət xadimlərindən biri kimi qəbul olunur. Dünyanın məşhur şəxsiyyətləri, böyük siyasətçiləri Ulu Öndər Heydər Əliyevin dövlətçilik sahəsindəki müstəsna istedadını və böyük siyasətdəki xüsusi məharətini yüksək qiymətləndirmişlər. Amerikanın keçmiş Prezidenti Bill Klintonun Heydər Əliyevə “dünyanı idarə etməyi bacaran görkəmli bir siyasi xadim” kimi yüksək qiymət verməsi, Türkiyə Cümhuriyyətinin keçmiş prezidenti Süleyman Dəmirəlin bu böyük dövlət xadiminin “bütün türk dünyasının yetişdirdiyi ən məşhur dövlət xadimlərindən biri” olduğunu bəyan etməsi bunun əyani sübutudur.
Heydər Əliyev yeni tarixi epoxada Azərbaycanın dövlət müstəqilliyinin banisi, qüdrətli xilaskarı və böyük qurucusu olan tarixi şəxsiyyətdir.
Ulu öndər Heydər Əliyev Naxçıvan şəhərində Mömünə xatun məqbərəsini ziyarət edərkən bu sözləri söyləyib: “Elə XX əsri götürün. Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər, çünki imkanları yoxdur. Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir. Əgər dövlətçilik o qədər yüksək səviyyədə olmasaydı, onlar bu cür abidənin yaradılması barədə qərar qəbul edə bilərdilərmi?”.
2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği məqsədilə tematik sitatlarından birini xatırlatmaq yerinə düşər: “Azərbaycan heç vaxt öz müstəqil siyasətindən geri çəkilməyəcəkdir. Onun müstəqil xarici siyasəti Azərbaycanın müstəqilliyinin əsas rəmzidir, əsas göstəricisidir”.
Heydər Əliyev dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasına və xalqımızın uzun illərdən bəri arzuladığı müstəqilliyinə çatmasına nail olmuşdur. Azərbaycanın bu gün müstəqil dövlət kimi mövcudluğu üçün Heydər Əliyevə borcluyuq.
Azərbaycanı həmişə müstəqil, inkişaf etmiş dünya dövlətləri sırasında görmək istəyən Heydər Əliyev bu barədə demişdir: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundansonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”.
Ümmumilli Lideri Heydər Əliyevin həyat tarixçəsinə nəzər saldıqda onun Azərbaycan xalqının çoxəsrlik adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində müstəsna rol oynadığının şahidi oluruq. Məhz Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərimin hüquqi əsaslarla tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və dini abidələrimizin bərpası istiqamətində sistemli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Bütün bu addımlar strateji düşüncə və böyük uzaqgörənliklə atıldı.
Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan azərbaycançılıq təliminə də yenidən və daha əsaslı şəkildə elmi baxışa ehtiyac vardır. Məlum olduğu kimi, uzaqgörən dövlət xadimi, Ulu Öndər Heydər Əliyev azərbaycançılıq təliminin təməllərini hələ sovet hakimiyyəti illərində respublikamıza rəhbərlik etdiyi dövrdə formalaşdırmışdır. Bu mənada yeni dövlət müstəqilliyi qazanmış digər respublikalarla müqayisədə dövlətçilik ideologiyasının yenidən müəyyən edilməsi baxımından Azərbaycan Respublikası bir addım qabaqda olmuşdur. Ona görə də, azərbaycançılıq ideologiyasının formalaşdırılmasının Ulu Öndər Heydər Əliyev modeli kompleks şəkildə öyrənilməli, ümumiləşdirilmiş əsaslı nəticələr çıxarılmalıdır.
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Prezident İlham Əliyevin Sərəncamı əsasında 2023-cü ilin “Heydər Əliyev İli” kimi keçirilməsi cox məqsədəuygundur və inaniriq ki, respublikamızda müstəqil dövlətçilik düşüncəsinin, azərbaycançılıq ideallarının, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə özünün sanballı töhfələrini verəcəkdir.
Mahirə Abdullayeva.Yevlax şəhər S. Vurğun adına 5 saylı tam orta məktəbin ingilis dili müəlliməsi
Sosial Platformamızı bəyənin
Bizi Seçdiyiniz üçün təşəkkür edirik