Martın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Qərbi azərbaycanlıların milli geyim irsi” adlı albom-kitabın təqdimatı və eyniadlı sərginin açılış mərasimi keçirildi.
8 Mart – Beynəlxalq Qadınlar Günü və BMT tərəfindən qeyd olunan 6 Mart Milli Geyimlər Günü münasibətilə təşkil olunan tədbir, həm də görkəmli rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illik yubileyinə həsr edildi.
“Qərbi azərbaycanlıların milli geyim irsi” layihəsi Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşəbbüsü ilə hazırlanan tədbirə moderatorluğu Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı etdi.
Təqdim olunan albom-kitab haqqında məlumat verən Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirdi ki, kataloqda Qərbi Azərbaycanın zəngin və qədim mədəniyyətinin mühüm tərkib hissəsi olan milli geyim irsinin nadir nümunələri toplanıb. Burada təqdim edilən geyimlərin böyük hissəsi Mirzə Qədim İrəvaninin əsərləri, eləcə də tanınmış rəssamlar Qriqori Qaqarin və Maks Tilke tərəfindən İrəvan Xan Sarayı və Üçkilsə kafedralında çəkilmiş rəsmlər əsasında hazırlanıb.
Azərbaycan və ingilis dillərində nəşr olunan albom-kitaba ilk dəfə şəxsi kolleksiyadan iki ədəd geyim nümunəsi, həmçinin müxtəlif tarixi və informativ mənbələr əsasında bərpa edilmiş iki dəst milli geyim daxil edilib.
Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova belə layihələrin milli-mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğuladı. O qeyd etdi ki, milli geyimlər xalqın tarixini, estetik dünyagörüşünü və mədəni yaddaşını əks etdirən mühüm elementlərdən biridir.
Azərbaycan Respublikasının Milli Məclisinin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında milli geyim ənənələrinin qorunmasının qadınların mədəni irsin yaşadılmasındakı rolunu da nümayiş etdirdiyini bildirdi. Onun sözlərinə görə, bu cür təşəbbüslər milli kimliyin və tarixi yaddaşın təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva çıxışında qeyd etdi ki, Qərbi Azərbaycanın mədəni irsinin tədqiqi və təqdimatı beynəlxalq səviyyədə də mühüm əhəmiyyət daşıyır və bu istiqamətdə həyata keçirilən layihələr tarixi həqiqətlərin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Nağıqızı çıxışında bildirdi ki, Qərbi Azərbaycanın maddi və mənəvi mədəni irsi Azərbaycan xalqının ümumi mədəni xəzinəsinin ayrılmaz hissəsidir. Onun sözlərinə görə, bu irsin araşdırılması və təbliği milli yaddaşın qorunmasına xidmət edir.
Daha sonra Milli geyimlər üzrə etnoqraf alim, dosent Gülzadə Abdulova layihə barədə ətraflı məlumat verərək bildirdi ki, təqdim olunan geyim nümunələri müxtəlif tarixi mənbələr və rəssamların əsərləri əsasında araşdırılıb və bərpa edilib. O qeyd etdi ki, məqsəd Qərbi azərbaycanlıların zəngin geyim mədəniyyətini elmi əsaslarla təqdim etmək və geniş ictimaiyyətə çatdırmaqdır.
Çıxışların sonunda Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, millət vəkili Azərbaycan Milli Xalça Muzeyinin direktoru Aminə Məlikovaya layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi.
Tədbirin davamında Qərbi azərbaycanlıların milli geyim nümunələrindən ibarət dəfilə nümayiş etdirildi.
Eyni zamanda mərasim çərçivəsində 40-a yaxın milli geyim nümunəsinin yer aldığı sərginin açılışı oldu. Ziyarətçilər burada Qərbi Azərbaycanın müxtəlif bölgələrinə məxsus geyim ənənələrini əks etdirən nümunələrlə tanış oldular.
Qeyd edək ki, sərgi martın 8-dək davam edəcək.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik



