VI çağırış Milli Məclisin deputatı, iqtisadçı-alim Əli Məsimli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Bakıda mövcud sıxlığın, tıxacın aradan qaldırılması, nəqliyyatın işinin təşkili ilə bağlı fərqli fikirlər səslənir. Bir çoxları Bakıdan dövlət orqanlarının və universitetlərin çıxarılması təklifi ilə çıxış edir. Sizcə bu problemin həlli üçün hansı addımlar atılmalıdır?
– Tıxac dünyanın bir çox böyük şəhərlərində həlli çətin problemlər sırasındadır. Bu problem Bakıda da getdikcə kəskinləşir. Bakıda tıxac problemi əvvəllər günün pik saatları üçün xarakterik idisə, hazırda günün daha çox hissəsində bu hal müşahidə olunur. Paytaxtda tıxac üzündən işə, dərsə, xəstəxanaya və planlaşdırılan yer və tədbirlərə gecikmə ənənəyə çevrilir. Bu, insanların vaxtını alır, sinirlərini pozur, izafi yanacaq sərfi, əlavə ekoloji problemlər yaradır. Ona görə də, şəhərin küçələrində getdikcə dözülməz hala çevrilən tıxacların qarşısını almaq həlli vacib məsələlərdən biridir. Tıxacın yaranmasının obyektiv, subyektiv, qlobal, lokal, sırf nəqliyyatla bağlı və nəqliyyatdan kənar səbəbləri çoxdur. Qısa zaman kəsiyində tıxac problemini köklü surətdə, əsaslı şəkildə aradan qaldırmaq mümkün olmayacaq. Amma beynəlxalq praktikada özünü doğruldan üsullardan real şəraitə uyğun surətdə yaradıcılıqla isitifadə etməklə, onun səngidilməsi istiqamətində xeyli iş görmək olar. Beynəlxalq praktikada onu səngitməkdən ötrü paytaxtın nəqliyyat sisteminin modernləşdirilməsi, strukturunun optimallaşdırılması, ictimai nəqliyyatın rolunun və fəaliyyətinin səmərəliliyinin artırılması kimi üsullar mövcuddur.
– Paytaxtın mərkəzinə giriş müxtəlif üsullarla, sıxlıq çox olan yerlərdə əlavə tənzimləmə vasitələrindən istifadə edilir. İşıqforda yaşıl işığın hərəkətin intensivliyinə uyğun olaraq tənzimlən kimi müxtəlif yanaşmalar tətbiq olunur. Çoxmərtəbəli körpülər sisteminin, metrostansiya şəbəkəsinin genişləndirilməsi, dəniz üzərindən Bakının müxtəlif yerlərinə avtomobil yollarının çəkilməsi, parklanma yerlərinin sayının artırılması, yolların daraldılaraq butulka effektinin yaranmasının qarşısının alınması kimi təsirli addımlarla tıxac problemini xeyli azaltmaq olar. Bakıda, xüsusən də mərkəzə və ona yaxın hissələrdə olan bəzi nazırlik və dövlət idarələrinin, universitetlərin bir hissəsinin regionlara köçürülməsi, həm tixac probleminin səngidilməsində, eyni zamanda regionların inkişafına da ciddi dəstək ola bilər.
– Urbanizasiya və şəhərə daha çox axının qarşısının alınması üçün effektiv addımlar nədən ibarət ola bilər?
– Bakının tıxac probleminin getdikcə kəskinləşməsinə münasibətdə aparıcı rol daha çox paytaxtla regionlar arasında iş yerləri, əmək haqqı, yaşayış şəraiti və tərzi və s. kimi amillər baxımından fərqin çox olmasıdır. Regionlarda iş yerlərinin azlığı və əmək haqqının Bakıdakından azı 2 dəfə aşağı olması və s. kimi amillər nəticəsində insanların iş, qazanc dalınca Bakıya gəlməyə məcbur olması daha böyük paya malikdir. Bunun nəticəsində Azərbaycanda mövcud olan nəqliyyat vasitələrinin çoxu Bakdadır və ya hər gün paytaxta daxil olur. Bakıda rəsmi statistikada göstərilən 2,4 milyon nəfərdən çox əhali yaşayır və yaxın onilliklərdə bu artım davam edəcək. Azərbaycanda mövcud olan 1,5 milyon nəqliyyat vasitəsinin 70 faizi Bakının payına düşür. Bu baxımdan Bakıda avtomobillərin sayı çox, nəzərdə tutulmuş yolların kilometrajı isə azdır. Belə şəraitdə Bakınının küçələrinin xeyli hissəsi hazırkı qədər nəqliyyat vasitələrinin geniş formada intensivliyini götürə, ”həzm edə” bilmir və bu amil tıxac problemini getdikcə kəskinləşməsində aparıcı rol oynayır.
Sosial Platformamızı bəyənin