Ermənistanın dezinformasiya siyasəti son zamanlar yenidən artıb. Rəsmi İrəvan Qərbdəki havadarları vasitəsilə Azərbaycanın Ermənistan ərazi bütövülüyünü pozmaq istəməsi və işğala hazırlaşdığını özündə əks etdirən dezinformasiyalar, yalan xəbərlər tirajlayır.
Diqqətçəkən məqam isə bəzi ölkələrin, habelə rəsmi Bakının strateji müttəfiqləri, əməkdaşlıq etdiyi ölkələrin də buna inanmasıdır. Belə ki, torpaqlarımız işğal altında olanda dost dövlətlərin təmsilçiləri “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” deyirdilərsə, indi tərsini söyləyənlər var. Bir çox Qərb ölkəsi “Ermənistanın ərazi bütövlüyünü dəstəkləyirik” ifadəsini işlədir.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, 30 il işğal altında qalan Qarabağın Azərbaycan ərazisi olduğunu beynəlxalq hüquq da təsdiqləyir:
“Odur ki, bir çox dövlət vaxtilə “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” deyəndə məhz bunu nəzərdə tuturdu.
Qarabağ məsələsi həllini tapıb. Bəzi güclər elə rəy yaratmağa çalışır ki, guya Azərbaycan Ermənistan ərazisinə iddia edir. Sözsüz ki, Bakının kimsənin torpağında, ərazi bütövlüyündə gözü yoxdur. Üstəlik, Zəngəzur da, Göyçə də, İrəvan da tarixi Azərbaycan torpaqlarıdır. Amma beynəlxalq hüquq, beynəlxalq sənədlər bu məsələdə Ermənistanın yanındadır.
İkinci bir tərəfdən, dövlətlərin daimi dostları yox, daimi maraqları olur. Nə vaxt kimin marağı nəyi tələb edirsə, onu da edir. Məsələn, Rusiya uzun illər Azərbaycana qarşı olsa da bu gün maraqlarımızı nəzərə alır. Çünki bunu öz maraqları tələb edir. Azərbaycan belə ikili standartlara öyrəşib. Odur ki, narahat olmağa dəyməz”.
Turan Rzayev
Globalinfo.az