
“Əmlak bahalaşması bütün dünyada baş verən bir prosesdir və bu tendensiya özünü Azərbaycanda da göstərir. Bahalaşmanın qlobal səbəbləri mövcuddur. Birincisi, qlobal inflyasiya və iqtisadi proseslər, dünya dövlətlərinin iqtisadi gücünün artması, büdcələrin böyüməsi, qlobal inflyasiyanın milli valyutaya təsiri və bundan əlavə demoqrafik dəyişikliklərdir”.
Bu sözləri Ölkə.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib:
“Demoqrafik dəyişiklik əhalinin sayının artımı nəzərdə tutulur. Əhalinin sayı artdıqca torpaq sahəsi azalır və torpaq sahələrinin təbii surətdə bahalaşması prosesi gedir. Bundan əlavə, urbanizasiya. Urbanizasiya dedikdə biz nəyi nəzərdə tuturuq? Bilirsiniz ki, əhalinin böyük bir əksəriyyəti Bakıya doğru can atır. Bakıda münbit iqtisadi fəaliyyət və yaşayış şərtləri olduğuna görə iş tapmaq imkanları bölgələrdən daha çox olduğu üçün əhali mərkəzə doğru yönəlir. Bu da Bakı və Bakı ətrafı daşınmaz əmlak növlərinin qiymətlərinin artmasına səbəb olur. Bütün bunlar qlobal artım və o cümlədən qlobal artımın yerli və milli səviyyədə özünü göstərməsi ilə əlaqədardır.
Sosial addımlar nəticəsində qiymətin bahalaşması da var. Bildiyiniz kimi, MİDA və İpoteka və Kredit Zəmanəti fondu əhalinin müəssisələrinin daha asan yolla mənzil əldə etməsi və kreditlə mənzil sahibi olması üçün müvafiq kredit ayırmaları həyata keçirdir. Bu proses daşınmaz əmlak bazarını müəyyən qədər aktivləşdirir.
İkincisi, Bakı şəhəri 2040 baş planına əsasən bir çox yerlərdə yararsız və zədəli binalar sökülür. Onların yerində və yaxud da başqa sahələrdə yeni binalar tikilir. Təbii ki, bu da daşınmaz əmlak bazarını aktivləşdirən tendensiyalardan biridir və bunun müqabilində vətəndaşlar kompensasiya əldə edir. Kirayə mənzil axtarışına başlayırlar və bu da qiyməti artırır”.
V.Oruc qeyd edib ki, əmlak bahalaşmasının başqa bir səbəbi isə ölkə kənarından gələn yatırımlardır:
“Bizim çoxlu sayda soydaşlarımız xaricdədir və onlar öz xaricdə əldə etdiyi kapitalı ölkəmizə yatırırlar. Çünki 30 ildən artıq işğal altında olan ərazilərimiz azad olunduqdan sonra investisiya təhlükəsizliyi daha yüksək səviyyədə qorunur və təbii ki, bu da həm yerli, həm xarici investorların ölkəmizə axınına səbəb olur. Nəticədə bu da daşınmaz əmlakın qiymətlərinin artmasının səbəblərindən biri kimi çıxış edir.
Hövsanda MİDA təqribən 2950 mənzili əhatə edən 60 bina inşa edib və bu binalarda təqribən 10 mindən çox vətəndaşımız yaşayır. Bu da təbii ki, Hövsanda iqtisadi münasibətlərin inkişafı baxımından olduqca vacibdir və daşınmaz əmlakın qiymətlərinə təsir göstərir. Eyni zamanda “Hovsan City” layihəsi var ki, çox möhtəşəm layihədir və 2 milyon kvadratlıq bir tikintini əhatə edəcək. Beynəlxalq xarici şirkətlərin hövsana cəlb olunması istiqamətində müvafiq addımlar atılacaq. Bu da qiymətlərin həmin ərazidə yaxın müddətdə artmasına səbəb olacaq. Həm də tikintinin bu qədər böyük ərazini əhatə etməsi torpaq qiymətlərinin də artmasına səbəb ola bilər.
Bundan əlavə onu da deyim ki, son illərdə Hövsanda torpağın qiyməti təqribən 50 faiz artıb. Hələ bundan sonra da yaxın bir neçə ildə bu artımın eyni sürətlə, tendensiya ilə davam etməsinin şahidi olacağıq.
2015-2016-cı illərdə bir kvadratmetr 700-800 manat idisə, indi artıq Hövsanda qiymətlər 70-80 faiz artıma uğrayıb. Burada mənzillərdən söhbət gedir. O cümlədən qeyri-yaşayış obyektlərinin qiymətində müvafiq artım mövcuddur. Bu tendensiya bütün respublikada olan tendensiyadır və qiymət artımı Hövsana da müvafiq təsir göstərib”.
Həmidə İbrahimova
Sosial Platformamızı bəyənin