Vətən savaşının qəhrəmanlarından biri də Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı, şəhid Nurlan Mustafayevdir.
Metbuat.az xəbər verir ki, Nurlan Mustafayev 1990-cı il iyulun 22-də Sumqayıt şəhərində dünyaya göz açıb. Nurlan Hamlet oğlu Mustafayev 8-ci sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. Ali hərbi təhsilini isə Almaniyada alıb.
Təhsil müddətində “Ən yaxşı əcnəbi kursant”, “Atıcılıq üzrə qızıl medal” və bu kimi bir çox nailiyyət qazanıb. 4 əcnəbi dili mənimsəyən Nurlan xarici ölkələrdə ölkəmizi uğurla təmsil edir, Vətənə geri döndükdən sonra Xüsusi Təyinatlı Qüvvələrə qəbul edilir, dağ kəşfiyyatçısı kimi çalışır.
2018-ci ildə Türkiyənin İzmir şəhərində keçirilən “EFES-2018” təlimində 23 ölkə arasında Nurlanın da üzv olduğu Azərbaycan xüsusi təyinatlıları birincilik qazanırlar. Vətən savaşının ilk günü – sentyabrın 27-dən müharibədə iştirak edən Nurlan Mustafayev oktyabrın 11-də Hadrut döyüşləri zamanı şəhid olub. III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.
Vətən müharibəsi şəhidi Nurlan Mustafayevin adını daşıyan övladı Nurlan Vətənə yadigar qaldı.
Sosial Platformamızı bəyənin