Bu gün Yevlax şəhər S.Vurğun adına 5 saylı tam orta məktəbin şagirdi Şəhid İsmayılzadə Səməndər Vahid oğlunun şəhidlik şərbətinin içdiyi gündür.
Qəhrəman,mərd,igid şəhid İsmayılzadə Səməndər Vahid oğlu 1990-cı ilin avqust ayının 25-də Yevlax şəhərində anadan olmuşdur. Atasının yolu ilə gedən Səməndər ana babasının adını daşıyırdı. Atası baş leytenant Vahid İsmayılov I Qarabağ müharibəsində yaralanmış ikinci qrup əlil idi. Təəssüf ki, 2018-ci ildə dünyasını dəyişmişdir.
Səməndər 1996-cı ildə Yevlax şəhər Səməd Vurğun adına 5 saylı tam orta məktəbin I sinifinə getmiş, 2007-ci ildə məktəbi bitirmişdir. Bir az diş texniki kimi çalışmışdır. O, gözünü açıb evdə atasını hərbçi görmüşdü. Odur ki, hərbə çox böyük həvəsi vardı. Bu səbəbdən başqa işlərdə bənd almırdı. Nəhayət, öz yolunu seçir. 2016-cı ildə Azərbaycan Silahlı Qüvvlərinin Təlim-Tədris Mərkəzində fəaliyyət göstərən ZTR-82 A komandir kursunu bitirir. Gizir hazırlığı kursunu bitirmə haqqında GHN3090 sertifikatı da alır.
Azərbaycan Ordusunun giziri Səməndər İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş,2020-ci ilin oktyabrın 28-də Füzuli döyüşləri zamanı snayper gülləsi ilə aldığı yaradan şəhid olmuşdur. O, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Şəhidlər məzarlığında torpağa tapşırılmışdır.
Cəbrayıl, Xocavənd və Füzuli rayonarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Səməndar İsmayılzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azadlığı uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”,”Cəsur döyüşcü” medalları ilə təltif edilmişdir. Subay, ailənin tək oğlu, iki bacının bir qardaşı idi.
Allah rəhmət eləsin!
Mahirə Abdullayeva
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik