Medianews.az bizim.media-ya istinadən Surxay Atakişiyevin yazısını təqdim edir:
“Televiziya çağırılmamıış qonaqdır. Bütün evlərə dəvətsiz gedir”.
Bu məşhur deyim televiziyaların cəmiyyətə təsir gücünü ifadə etməklə yanaşı, insanların ondan asılılığının nə dərəcədə güclü olduğunu da nümayiş etdirir.
Mütəxəssislərin araşdırmasına görə, bir insan orta hesabla günün 2-3, ifrat halda isə isə 8-10 saatını televiziya qarşısında keçirir. Bu da o deməkdir televiziyaların hər birimizin həyatına, psixologiyasına və davranışına kifayət qədər təsiri var. Məhz ona görə deyirlər ki, televiziya ən yaxşı təbliğat və təşviqat vasitəsidir.
Telekanallarımızdakı bəzi verilişlər isə…
Amma təəssüflər olsun ki, bəzi telekanallarımız tamaşaçılara müsbət yox, mənfi enerji ötürür. Bir çox hallarda isə insanları yanlış istiqamətə yönləndirir. Çünki bəziləri üçün televiziya maarifləndirən, əyləndirən və xəbər verən platforma yox, kommersiya obyektidir. Kommersiya marağı olan yerdə də təbii ki, ədalət, əxlaq tərəzisi pozulur.
Necə ki, bu gün Azərbaycan teleməkanlarında bəziləri sözün əsl mənasında milli dəyərləri ayaqlar altına atır, əxlaqa tüpürür və yeni “standartlar” müəyyən edirlər. Ən pisi də odur ki, həmin efir qəhrəmanları bunu fikir azadlığı kimi təqdim edirlər. Gətirdikləri sponsorlar hesabına həmin “aparıcılara” şirkət rəhbərləri limitsiz səlahiyyət verir. Nəticədə bundan istifadə edən “aparıcılar” efirdə sözün həqiqi mənasında meydan sulayır, istədikləri kimi davranırlar.
Məsələn, Xoşqədəm Baxşəliyeva, Zaur Baxşəliyev, Lalə Azərtaş, Mətanət Əliverdiyeva, Zaur Kamal, Tolik, Elgiz Əkbər və digərlərinin hərəkətləri etiket qaydalarını, əxlaq normalarını çoxdan ayaqlar altına atıb. Onlar efirdə özlərini daha çox “razborşik”, “vorzakon” kimi aparırlar. İstədikləri qonağı istədikləri vaxt milyonlarla tamaşaçı qarşısında təhqir edir, hətta çox biabırçı şəkildə efirdən qovurlar.
Ən pisi də odur ki, reytinq yığmaq üçün adlarını çəkdiyimiz aparıcılar istənilən iyrəncliklərə gedirlər.
Necə deyərlər, “atasından, anasından bezən”, yüngül həyat tərzi keçirən adamlar həmin verilişlərin daimi qonaqlarıdır. Ər efirə çıxıb arvadının xəyanət səhnəsini təsvir edir, arvad efirdə məşuqəsindən bəh-bəhlə danışır. Hətta efirdə ərinin gözü qarşısında məşuqəsinin əlini tutub gedənlər də olur. Bir sözlə mənəviyyata, əxlaqa zidd mövzulardan istifadə edən efir “qəhrəman”ları reytinq üçün bütün çirkin variantlara əl atırlar.
Bütün bu proseslər isə milyonların, gələcəyimiz olan uşaqların gözü qarşısında cərəyan edir.
Pula görə əxlaqı ayaqlar altına necə atırlar?
Təbii ki, gələn reklamlara görə də telekanal rəhbərliyi efir “qəhrəman”larına nəinki irad bildirir, hətta daha böyük imkanlar verirlər. Məsələn, Zaur Baxşəliyev həftənin 5 günü “ATV”nin ən azı 3-4 saat efirini alır. Şənbə-bazar günləri isə başqa “veriliş”lərlə tamaşaçılara “qonaq gəlir”. Xoşqədəm Baxşəliyeva da həftənin 5 günü “ARB”nin 4 saatını məşğul edir. Həftə sonları da başqa verilişlərlə yenidən efirdə olur. Tolikdənsə danışmağa dəyməz. Ən azı 2 televiziyanın efirini bəzəyir. Belə görünür ki, “ATV” Zaur Baxşəliyevin, “ARB” Xoşqədəmin, Zaur Kamalın, “Xəzər TV” Azərtaşın, “MuzTV” isə Tolikin “çiynində dayanır”.
Bu aparıcıların hər birinin öz efir siyasəti var. Bu siyasəti isə müxtəlif efir qiymətləri müəyyənləşdirir. Məsələn, bir çox dərmanların televiziyada reklamı qadağandır. Amma nə təsadüfdürsə bu aparıcıların daimi ekspertləri və sponsorları hansısa həkim, hansısa özəl klinikadır. Bu yaxınlarda psixoloq Samirə Bağırova demişdi ki, Zaur, Xoşqədəm və Azərtaşın verilişlərində ekspert kimi çıxış edən hər kəs ən azı ayda 20 min manatından keçməlidir.
Maraqlıdır ki, adları çəkilən aparıcıların heç biri psixoloqun fikirlərini təkzib etmədi. Yalnız Tolik müzakirəyə qoşuldu və dedi ki, heç kimin Samirə Bağırovaya borcu yoxdur, efirə çıxırsa pul verməlidir.
Yəni bu gün elə bir vəziyyət yaranıb ki, pulu olan ixtiyari şəxs efirə çıxıb özünü həkim, psixoloq və hətta münəccim kimi təqdim edə bilir. Təki bu iddiada olan adamın pulu olsun. Təbii ki, hər ay efirə onminllərlə pul tökən “həkim”in, “psixoloq”un da hansı yuvanın quşu olduğunu müəyyən etmək elə də çətin deyil. Təsadüfi deyil ki, efirə çıxan “təbib”lərin bir çoxunun sonradan fırıldaqçı olması üzə çıxır. Bir sözlə, bu gün pulu olan ixtiyari şəxs bu cür “jurnalist”lərin, “veriliş”lərin hesabına efirdə yer ala bilir və həmin efirdən istədiyi qədər də xalqa “ağıl öyrətməyə” imkan qazanır.
Hələ şou əhlini demirik…
Bu gün istənilən ifaçı çox asanlıqla efirə çıxa bilir. Efirə çıxanlarsa sənətdən yox, ev-eşiklərindən, avtomobillərindən və “həci”lərindən danışır. Üstəlik, efirə çıxan ifaçıların geyimi də heç bir əxlaqa sığmır. Qadın müğənnilər efirə sanki bədənlərini nünayiş etdirmək üçün çıxırlar.
Bütün bu biabırçılıqlar qarşısında isə televiziya rəhbərləri bir “arqument” gətirirlər: “Biz özümüz-özümüzü maliyyələşdirik. Ona görə də şouya daha çox üstünlük veririk”. Vəssəlam.
Başqa sözlə, “pulumuz var, istədiyimizi edərik” deyirlər…
Şounun da, əyləncənin də bəlli prinsipləri və qaydaları var. Amma sözügedən televiziyalardakı efirlər çoxdan bütün hədləri, normaları aşıblar. Baxmayaraq ki, Audiovizual Şura dəfələrlə adını çəkdiyimiz televiziyalara xəbərdarlıq edib, yol verilən pozuntulara görə onları cəzalandırıb.
Amma nə fayda
Yenə də, Zaurlar, Xoşqədəmlər, Azərtaşlar öz işlərinə davam edirlər. Bu isə o deməkdir ki, artıq qeyd olunan verilişlərlə bağlı qəti tədbirlər görməyin vaxtı çatıb. Əks təqdirdə, yəni efirlərdə adlarını sadaladığımız aparıcılar başbilən kimi çıxış etməyə, verilişlər isə efir vaxtının böyük hissəsini işğal etməyə davam edərsə, cəmiyyətimizin əxlaqına dəyən zərbənin gücü daha böyük olacaq.
Nə qədər ki, gec deyil, pul qazanmağı əsas prinsip, insan talehlərini oyuncaq kimi görənləri efirlərdən uzaqlaşdırmaq lazımdır.
Yoxsa, cəmiyyətimizə, ailə dəyərlərimizə vurulan yaranı sağaltmaq heç də asan olmayacaq…
Sosial Platformamızı bəyənin