
Mayın 24-dən 25-i gündüzədək bəzi bölgələrdə yağış yağacağı, şimşək çaxacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, çaylarda sululuğun artacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi gözlənilir. Fövqəladə Hallar Nazirliyi (FHN) intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmağı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı tövsiyə edir.
Bu barədə FHN-in mətbuat xidmətindən Bizim.Media-ya məlumat verilib.
“İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və digər) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Bundan əlavə, ölkə ərazisində havanın temperaturunun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə yaranan qar uçqunu təhlükəsini nəzərə alaraq, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək tövsiyə olunur.
Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir.
Təhlükə zamanı 112-yə zəng edin!” – məlumatda bildirilib.
Sosial Platformamızı bəyənin