Tiflisdə “Xarici agentlər haqqında” qanun layihəsinə qarşı nümayişlərin təşkilatçıları Ukrayna tərəfdən ruslara qarşı döyüşən gürcü könüllüləri də cəlb etməklə təxribatlar hazırlayırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bəyanatında deyilir.
“Gürcüstan parlamenti yaxınlığında keçirilən mitinqlərdə bir qrup insan dağıdıcı və zorakı ssenarilər əsasında təxribatlar təşkil etməyə çalışırlar. Onlar xaricdən, xüsusən də parlament və parlamentdənkənar partiyalar və qeyri-hökumət təşkilatları tərəfindən maliyyələşdirilir. Xaricdə yaşayan Gürcüstan vətəndaşları, xüsusən də Ukraynada döyüşən gürcülərin müəyyən hissəsi bu cinayət proqramlarında iştirak edirlər”, – bəyanatda bildirilir.
Gürcüstan DTX iddia edir ki, etirazların təşkilatçıları xaricdən kriptovalyuta şəklində pul alırlar:
“Xarici maliyyə cinayət layihələrinin həyata keçirilməsi üçün kriptovalyuta izləri gizlətmək üçün istifadə olunur. Aprelin sonunda əcnəbi təlimatçılar kriptovalyuta əməliyyatları üzrə treninq keçiriblər və bu təlim zamanı aksiyanın təşkilatçılarına radikal aktlar üçün gizli yolla maliyyə vəsaiti almaq tapşırılıb. Bu etirazların təşkilatçılarının məqsədi hakimiyyəti zorla ələ keçirməkdir”.
Qurum qeyd edir ki, hüquq mühafizə orqanlarının əməkdaşları aksiya təşkilatçılarının xüsusi aqressiyasının hədəfinə çevrilirlər:
“Onları ruhdan salmaq, qızışdırmaq üçün “rəngli inqilablar”ın təşkili ilə bağlı hədə-qorxu, rüşvətxorluq, aksiya iştirakçılarının tərəfinə çəkmək kimi üsullardan istifadə olunur, bu da son nəticədə dövlət institutlarını çökdürmək, hakimiyyəti ələ keçirmək məqsədi daşıyır”.
Bəyanatda o da vurğulanır ki, əcnəbi təlimatçılar toplanış iştirakçılarına hüquq mühafizə orqanlarının əməkdaşlarına qarşı təxribatlar törətmək, ölkədə xaos yaratmaq üçün təlimlər keçir: “Nümayişçilər nəqliyyat qovşaqları və inzibati binaları barrikadalarla iflic etməyi planlaşdırırlar”.
Müəllif: Mənsur Rəğbətoğlu
Sosial Platformamızı bəyənin