Prezident İlham Əliyevin Sərəncamı ilə Vahid Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında, Məsim Məmmədov isə Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Medianews.az bu barədə yazı dərc edib. Yazıda bildirilir ki xüsusi nümayəndəlik mövzusunun aktuallaşması struktur dəyişikliyi ilə bağlı suallar doğurur. Maraqlıdır, Prezidentin xüsusi nümayəndəlik institutunun miqyasının böyüməsi və digər ərazilərə də təyinatın baş tutması nədən xəbər verir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərimizdə ilk dəfə yeni idarəetmə formalarının tətbiqinin şahidlik edirik:
“İdarəetmədə Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətli nümayəndələrinin təyin olunması da ilklərdəndir. Bu proses təzə başlayanda proqnozlaşdırmışdıq ki, növbəti mərhələdə həmin forma institutlaşa, idarəetmədə yeni metod kimi bütün Azərbaycan ərazisinə şamil ediləcək qədər genişlənə bilər. Bu da özlüyündə yeni icra hakimiyyəti funksiyasını yerinə yetirən institutlaşmaya gətirib çıxaracaq.
Proqnozlar özünü doğruldur. Son sərəncamlardan da göründüyü kimi, sözügedən istiqamətlərdə addımlar atılır. Azərbaycan Respublikasının Konstitusiyasında yerli icra hakimiyyəti orqanlarına təyinatla bağlı Azərbaycan Prezidentinin səlahiyətləri var. Amma yerli icra hakimiyyəti orqanlarının struktur tərkibi və forması digər qanunlarımızla müəyyənləşdirilir. Bu istiqamətdə konstitutsion maneə yoxdur”.
Sosial Platformamızı bəyənin