“Bildiyiniz kimi, Azərbaycanda bu gün gənc nəslin vətənpərvərlik üslubunda yetişdirilməsi üçün dövlət tərəfindən müxtəlif addımlar atılır və bunun nəticəsi olaraq da Vətən müharibəsi zamanı gənclərimizin necə torpaqlarımızın müdafiəsinə qalxdığının şahidi olduq”.
Bu sözləri Sonxeber.az-a açıqlama verən Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.
O xatırladıb ki, cənab Prezident Şuşada olarkən də bu məsələyə toxunub:
“Prezidentimizin də deyidiyi kimi, onun hakimiyyəti illərində Vətənini, dövlətini sevən gənclər yetişib və bu gün onlar torpaqlarımızın müdafiəsində iştirak edirlər. Ümumiyyətlə, Ulu Öndərin dövründən başlayaraq, bizim gənclərimizin bu vətənpərvər, milli ruhda mənlikdə böyüdülməsi üçün dövlət ardıcıl addımlar atdı.
Ayrıca Gənclər Nazirliyinin yaradılmasını xüsusi qeyd edə bilərik. Bundan sonra ölkədə gənclər siyasəti uğurla həyata keçirilməyə başladı. Eləcə də növbəti illərdə Gənclər Fondu yaradıldı və bu Fond xətti ilə ölkəmizdə çox ciddi işlər görüldü.
Ümumiyyətlə, bu gün gənclərin tərbiyəsi, onların vətənpərvərlik ruhunda, milli ruhda dövlətə bağlı, sədaqətli yetişdirilməsi üçün davamlı olaraq işlər həyata keçirilir. Yəni bu günün gəncləri gələcəyin idarəçiləridir, gələcəyin ayrı-ayrı strukturlarında işləyən şəxslərdir. Yaşlı nəsil getdikdən sonra yeni nəsil gələcək və bu yeni nəslin də milli ruhda yetişdirilməsi çox vacibdir.
Dövlətimiz də məhz bu istiqamətdə addımlar atır. Dövlət tərəfindən gənclərə evlər verilib, gənc alimlərə xüsusi diqqət və qayğı göstərilir, gənc kadrlara vəzifə verilir.
Son illər bu sahədə bir çox uğurların, yeniliklərin şahidi oluruq: gənc, savadlı kadrlar dövlətin quruculuğunda, idarəçiliyində aktiv iştirak edirlər.
Əlbəttə, bu gün gənclərimizin üzərində çox böyük, məsuliyyətli vəzifələr var. Onlar dövlətin yaratdığı şəraitdən düzgün, məqsədyönlü istifadə etməli, gələcəklərini fikirləşməli, eləcə də dövlətimizin inkişafına öz töhfələrini verməlidirlər.
Bu gün Azərbaycan gəncliyinə çox böyük inam və ümid var. Düşünürük ki, inşallah, gənclərimiz gələcəkdə dövlətimizin müstəqilliyinin möhkəmlənməsi, qələbəmizin əbədiləşdirilməsi üçün böyük səylə çalışacaqlar”.
Material Azərbaycan Respublikası
Medianın İnkişafı Agentliyinin
maliyyə dəstəyi ilə hazırlanmışdır.
Sosial Platformamızı bəyənin