“Medinex” sərgisində “Azərbaycanda transplantologiyanın inkişafı” mövzusunda panel sessiyası təşkil olunub.
İlk olaraq Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyasının şöbə rəisi, t.ü.f.d. Mircəlal Kazımi bütün digər müalicə üsulları effekt vermədikdə insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün orqan transplantasiyasının yeganə şans olduğunu qeyd edib. Regionda ilk dəfə böyrək transplantasiyası əməliyyatının 1971-ci ildə məhz Azərbaycanda, akademik Mirməhəmməd Cavadzadə tərəfindən icra edildiyini xatırladan M.Kazımi 2000-ci illərin əvvəllərində professor Dr. Kamal Abdullayevin də xarici mütəxəssislərlə birgə apardığı böyrək transplantasiyası əməliyyatının uğurla başa çatmasından danışıb. Daha sonra 2008-ci ildə Azərbaycan Respublikasında, Cənubi Qafqazda, Orta Asiya və Qazaxıstanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatının professor Dr.Murat Kılıç və özü tərəfindən aparıldığını diqqətə çatdırıb.
Mircəlal Kazımi çıxışında orqan transplantasiyası əməliyyatı üçün orqanların canlı insandan və beyin ölümü gerçəkləşən şəxslərdən köçürülməsi, bu prosedurların qanunla necə tənzimləndiyi barədə məlumat verib.
“Hematoloji xəstəliklərdə sümük iliyi transplantasiyası” mövzusunda çıxış edən Yeni Klinikanın hematoloqu Sevil Cəlilova alıcının və vericinin seçilməsi, hazırlanması, sümük iliyi mənşəli, göbək ciyəsi mənşəli kök hüceyrə toplanması, infuziyası, erkən və gecikmiş ağırlaşmalar barədə məlumat verib. O, gələcək planlardan da bəhs edərək Azərbaycanda sümük iliyi donor bankı yaradılmasının və Dünya Sümük İliyi Donor bankına üzv olmağın zəruriliyinə diqqət çəkib.
Dünya Sümük İliyi Donor bankına 52 ölkədən 32 milyon könüllü donorun daxil olduğunu qeyd edib.
Təqdimatların sonunda sual-cavab sessiyasında çıxışçılar panel iştirakçılarının suallarını cavablandırıblar.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik