1937-ci ildə Əhməd Cavad (1892-1937) həbs olunandan sonra Mir Cəfər Bağırov Əhməd Cavadın həyat
yoldaşına – Şükriyyə xanıma Cavaddan boşanmağı təklif edir; “yoxsa həbs edəcəklər”- deyir. Şükriyyə xanımın
isə Mir Cəfər Bağırova cavabı belə olur:
– Bəlkə də Cavadı güllələyəcəklər. Amma mənim boşanma ərizəm ona güllədən də ağır olacaq. Mən Əhməd
Cavada görə atam Süleyman bəyi ayaqlayıb, ona qoşulub qaçmışam. Amma Cavadı heç vaxt ayaqlamaram…
Şükriyyə xanımı həbs edib Qazaxıstana sürgün edirlər. Sürgündə olduğu dövrdə Ceyran adlı xanım Şükriyyə
xanımdan soruşur:
– Özünü zabitlərin o məşum otağından necə qoruyursan, niyə sənə toxunmurlar? Səndən cüzam vurmuş kimi
qaçırlar. Neyləyirsən ki?! Mənə də de!
Şükriyyə başı ilə tualeti işarə edir, acı-acı gülümsəyir və deyir:
– Gecə tualet növbəsində qapını arxadan bağlayıb paltarlarımı çıxarıram. Tualetin yerini silib əynimə geyirəm.
Hamı məndən iyrənir, yaxın durmur.
Ceyran:
– Mən acam, başa düşürsən, acam! Bəs sən ac deyilsən? Şükriyyə:
– Mən heç kimə heç vaxt imkan vermərəm ki, Cavadın ləyaqətinə toxunsun.
Ceyran:
– Necə dözürsən? Altı gündür… Mən acam. Yemək istəyirəm, su istəyirəm. Boğuluram axı, dözə bilmirəm! Mənə
də yol göstər, ləyaqətimi qoruyum.
Şükriyyə yolçuluğun birinci gününü, iki kilometr piyada gəldikləri o yolu, o günün axşamı özünü tualetə verib
paltarlarını çıxarıb tualetin döşəməsini sildiyini, saçını, üz-gözünü murdarlamasını xatırladı. Xatırladı və hıçqırahıçqıra danışdı. Sonra yaxasında gizlətdiyi kiçik sancağı çıxardı:
– Mən gündə bir dəfə bu sancaqla barmağımı deşib, hamı yatandan sonra soruram…
Şükriyyə Qazaxıstanın o dəhşətli düşərgəsində ömrün səkkiz ilini xərclədi. Odun doğradı, yük daşıdı, dərzilik,
aşpazlıq elədi. 1955-ci ilin 30 iyuluna – bəraət aldığı günə qədər…
Vətənə dönəndən sonra şəhərbəşəhər düşüb balalarını başına yığdı, Şəmkirin Seyfəlli kəndində – Əhməd
Cavadın ata yurdunda şərəflə yaşadı, dünyayla da burada vidalaşdı…
Allah ləyaqətli Azərbaycan qadınına rəhmət eləsin!
Bizi Seçdiyiniz üçün təşəkkür edirik