İsveçrə mümkün genişmiqyaslı hərbi təhlükə qarşısında özünü müdafiə etməyə hazır deyil və Rusiyadan artan risklər fonunda hərbi xərclərini artırmalıdır.
Globalinfo.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Tomas Züssli deyib.
Nazirin sözlərinə görə, İsveçrə ümumilikdə qeyri-dövlət aktorlarından qaynaqlanan təhdidlərə, o cümlədən kritik infrastruktur və kiber məkanla bağlı mümkün hücumlara hazırdır. Lakin silahlı qüvvələr hərbi texnika çatışmazlığı ilə üz-üzədir.
“Biz uzaqdan gələn təhdidləri dəf etmək iqtidarında deyilik, tammiqyaslı hücumdan isə ümumiyyətlə söhbət gedə bilməz. Reallıq ondan ibarətdir ki, fövqəladə vəziyyət zamanı hərbçilərin cəmi üçdəbiri tam təchiz olunmuş halda xidmət göstərir,” — deyə nazir bildirib.
Züssli həmçinin qeyd edib ki, Ukraynada davam edən müharibəyə və Rusiyanın Avropada vəziyyəti sabitləşdirməyə yönələn cəhdlərinə baxmayaraq, İsveçrə cəmiyyətində ordunun rolu ilə bağlı təsəvvürlər demək olar ki, dəyişməyib. Onun fikrincə, bu yanaşma ölkənin münaqişə zonasından coğrafi baxımdan uzaqda yerləşməsi, yaxın tarixdə döyüş təcrübəsinin olmaması və neytrallığın avtomatik təhlükəsizlik zəmanəti kimi qəbul edilməsi ilə bağlıdır.
“Bu, tarixi baxımdan doğru deyil. Tarixdə neytral olub sonradan müharibəyə cəlb edilən çoxlu dövlətlər var. Neytrallıq yalnız ölkəni silahla qorumaq mümkün olduqda dəyər kəsb edir,” — müdafiə naziri vurğulayıb.
Hazırda İsveçrə müdafiə xərclərinə ÜDM-in təxminən 0,7 faizini ayırır. Hərbi xərclərin 1 faizə çatdırılması isə yalnız 2032-ci ilə planlaşdırılır. Bu temp saxlanılarsa, ordunun tam döyüş hazırlığına çatması 2050-ci ildən tez mümkün olmayacaq. Bu qədər uzaq perspektiv isə ölkə üçün qəbuledilməzdir.
Əliyar Xəlil
Sosial Platformamızı bəyənin