Vaşinqton Pekinlə dialoqu genişləndirib. Dövlət katibi Entoni Blinkenin Çinə səfəri bu dialoqun tərkib hissəsi sayıla bilər. Blinkenin üçgünlük səfəri Şanxay şəhərindən başladı, paytaxt Pekində davam etdi.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, Blinkenin Pekində səsləndirdiyi tələblər iki ölkə arasındakı münasibətlərin gərgin xarakterini gösterir:
“Birincisi, Vaşinqton Pekindən Rusiyanın hərbi-sənaye kompleksinin fəaliyyəti üçün avadanlıq göndərməyi dayandırmağı tələb edib. İkincisi, Pekinin uyğurlara qarşı siyasəti Vaşinqtonu yenə də narahat edir. Üçüncüsü, Pekin Çin sahillərinə yaxın ticarət gəmilərinə maneələr yaratmamalıdır.
Blinken Pekində Çinin də tələbini eşidib: “ABŞ Çinə aid olan Tayvan adasında hərbi dəstəkdən imtina etməlidir”.
Pekin Vaşinqtonun tələblərini yerinə yetirmədiyi kimi, Vaşinqton da Pekinin tələbini yerinə yetirməyəcək. Məsələn, ABŞ Konqresi Ukrayna və İsraillə yanaşı, Tayvana da maliyyə yardımı ayırıb. Pekin Konqresin qərarını tənqid edib. Pekini ABŞ-nin Çin sahillərinə yaxın ərazidə keçirdiyi hərbi təlimlər də narahat edir. ABŞ Sakit və Hind okeanında bu təlimləri tərəfdaşları ilə birgə keçirir. Bu təlimlərdə ABŞ ilə yanaşı, Filippin, Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya da iştirak edir. Məsələn, ABŞ-nin Filippinlə aprelin son günlərində başladığı təlimlər mayın 10-a qədər davam edəcək. “Balikatan” adlanan təlimlərdə 11 amerikalı, 5 min filippinli hərbçi iştirak edir. 14 ölkənin təmsilçisi hərbi təlimləri müşahidə edir.
Buna baxmayaraq, Pekin və Vaşinqton dialoqdan imtina etməməyə qərar verib. Ancaq dialoq iki ölkə arasındakı münasibətlər və bölgədəki gərginliyi azaltmır. Pentaqonun yayımladığı son hesabatda Çinin sualtı gəmilərinin Amerika sahillərinə yaxın üzdükləri bildirilib. Həmin gəmilər ABŞ-yə məxsus Alyaska və Havay adalarına zərbə endirmək imkanına malikdirlər. Çinin sualtı gəmilərinin sayı yalnız Rusiya və ABŞ-dən geri qalır.
ABŞ-nin keçmiş prezidenti Donald Tramp Çinlə ticarətin məhdudlaşdırılması üçün sərt addımlar atmışdı. Hazırkı Prezidenti Co Bayden bu siyasəti davam etdirir. Bayden aprel ayındakı qərarıyla Çindən polad və alüminium idxalına tarifləri 7.5 faizdən 22.5 faizə qədər artırıb. Bundan başqa, Ağ Ev sahibi Pekinin gəmiqayırma, gəmiçilik və logistika sahəsindəki fəaliyyətini araşdırmağı tələb edib. ABŞ Konqresi isə Rusiya hərbi müəssisələri ilə əməkdaşlıq edən Çin şirkətlərini hədəf seçib”.
Mərkəzin ekspertləri bildirirlər ki, Rusiyaya köçürmələr həyata keçirən Çin bankları da nəzarət altındadır:
“Amerikada hesab edirlər ki, Çin Rusiyanın hərbi-sənaye kompleksini ayaqda tutmaq üçün dəstəyini əsirgəmir. Çin Rusiyaya cihazlar, yarımkeçiricilər və Moskvanın istədiyi digər ləvazimatları göndərir. Blinkenin Çində olarkən Vaşinqtonun xəbərdarlığını bir daha Pekinin diqqətinə çatdırıb.
Blinkenin Çinə səfərinin başqa bir önəmli səbəbi var idi. Dövlət katibi səfərini başa vurarkən deyib ki, Çin lideri Si Cinpinin əvvəllər bunu etməyəcəyinə dair öhdəliyinə baxmayaraq, ABŞ Çinin qarşıdan gələn ABŞ seçkilərinə təsir və müdaxilə etmək cəhdlərinə dair sübutlar görüb. Blinkenin sözlərindən çıxan nəticə budur ki, Cinpin seçkilərə qarışmayacağı barədə ABŞ Baydenə şəxsən vəd verib. Blinken vurğulayıb ki, Çin rəsmilərinin verdikləri vədə Pekində əmin olmaq istəyirdi, ancaq bu vədlər Vaşinqtonun narahatlığını azaltmayıb. Kanada da Pekini seçkilərə müdaxilədə ittiham etmişdi”.
Müəllif: Mənsur Rəğbətoğlu
Sosial Platformamızı bəyənin