Nikol Paşinyan hökuməti istifadəyə yararsız Metsamor atom elektrik stansiyasını (AES) bağlamağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Erməni nəşri bunun Azərbaycan və Türkiyənin tələbi olduğunu yazır.
Mənbə iddia edir ki, aprelin 5-də Brüsseldə keçirilən Paşinyan-Blinken-fon der Leyen görüşündə ABŞ-nin Ermənistanda enerji diversifikasiyasını təmin edəcəyi və modul tipli AES tikəcəyi ilə bağlı hələ dərc olunmamış razılaşma olub. Bu mövzu uzun müddətdir müzakirə olunur. Ermənistan hökuməti hələ də belə bir tələbin onların qarşısında qoyulduğunu etiraf etmir.
“Hraparak” Brüsseldə imzalanmış sənəddə belə bir ifadənin yer aldığını qeyd edib: “ABŞ və Avropa Birliyi Metsamor AES-in fəaliyyətini dayandırmaq üçün nüvə enerjisi proqramı məsələsində Ermənistanı dəstəkləyəcək, bundan sonra yeni AES-in tikintisi üçün maliyyə ayrılacaq”.
“Yəni ilk növbədə mövcud AES bağlanmalıdır, yenisinin tikilib-tikilməyəcəyinə heç bir zəmanət yoxdur. Qərb modul tipli atom elektrik stansiyası tikməyə çağırır. Adətən hərbi bazalar üçün belə stansiyalar tikilir. Son illər Azərbaycan və Türkiyə mütəmadi olaraq AES-in bağlanmasını tələb edir. Əslində, Qərbin himayəsi ilə Paşinyan onların növbəti tələbini yerinə yetirəcək”, – məqalədə vurğulanır.
Nəşr Rusiya uranı ilə işləyən AES-in bağlanmasının ABŞ-nin bölgədə Moskvaya qarşı növbəti həmləsi kimi də şərh edir.
Müəllif: Mənsur Rəğbətoğlu
Sosial Platformamızı bəyənin