Avropa Birliyinə (AB) inteqrasiya planı rəvan getməyən Ermənistan Baş naziri Nikol Paşinyan yenidən Rusiyaya yaxınlaşmağa çalışır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
AB-nin Ermənistandakı səfiri Vasilis Maraqos belə bir fikir bildirib ki, AB-nin müşahidə missiyası artıq konkret nəticələr verib və onun ölkədə olması birliyin İrəvana münasibətdə nə qədər irəli getməyə hazır olduğunu göstərir.
Erməni nəşri hesab edir ki, Maraqos bununla Paşinyanın bir müddət əvvəl səsləndirdiyi fikrə cavab verib.
Bir neçə gün əvvəl Paşinyan AB-yə üzvlük üçün referendumun keçirilməsi təşəbbüsündən danışanda xalqın fikrini bildiyi üçün buna ehtiyac görmədiyini deyib. O, həmçinin bəyan edib ki, AB-nin buna hazır olub-olmadığını da öyrənmək lazımdır.
“Mən bu gün o suala cavab verə bilərəmmi? Yox. Çünki bu gün AB-də müəyyən proseslər gedir, biz bunları dəyərləndirməliyik. AB ölkələrində seçkilər keçirilir və seçkilərin nəticələri bəzi suallar doğurur”, – Ermənistan baş naziri qeyd edib.
Nikol Paşinyanın bu açıqlamalarından sonra belə bir fikir formalaşıb ki, İrəvan yavaş-yavaş Rusiyanın orbitinə qayıtmağa çalışır və baş nazir Avropaya inteqrasiya siyasətindən əl çəkir. AB-nin ona cavabının nə olacağı da maraq doğurur.
“Past” artıq Avropa Birliyinin Ermənistan liderinə xəbərdarlıq etdiyini yazır.
“Bizim yerdə mövcudluğumuz AB və üzv dövlətlər baxımından çox vacib bir işdir. AB-nin Ermənistandakı müşahidə missiyası artıq öz patrulları və mövcudluğu ilə çox konkret nəticələr verir. Bu, həm də konkret şəkildə Avropa Birliyinin Ermənistan məsələsində nə qədər irəli getməyə hazır olduğunu göstərir”, – Maraqos vurğulayıb və əlavə edib ki, tərəfdaşlıq hər iki tərəfin qarşılıqlı fəaliyyəti ilə formalaşmalıdır.
Nəşrin fikrincə, AB bununla Paşinyana xəbərdarlıq edərək, onun oyununu sezdiklərini və siyasi prinsipsizliyə dözmək niyyətində olmadıqlarını açıq şəkildə bildirir:
“Paşinyana başa salırlar ki, bu dəfə oyun keçməyəcək: ya Rusiyanın yanındasınız, ya da Qərbin”.
Müəllif: Mənsur Rəğbətoğlu
Sosial Platformamızı bəyənin