Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər.Prezident İlham Əliyevin çıxışı
– Əziz laçınlılar, əziz dostlar.
İlk növbədə, laçınlıları Şəhər Günü münasibətilə ürəkdən təbrik edirəm. İlk dəfədir ki, Laçında Şəhər Günü keçirilir, böyük təntənə ilə, böyük coşqu ilə keçirilir. Bildiyiniz kimi, azad edilmiş ərazilərdə bir müddət bundan əvvəl mənim Sərəncamımla şəhər günlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur, Şəhər günləri təsis edilmişdir. Şəhər günləri şəhərlərimizin azad edilməsi günləridir. Laçın şəhəri isə 26 avqust tarixində tamamilə azad edilmişdir.İkinci Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, ancaq Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Ona görə ki, keçmiş Laçın dəhlizi bu şəhərdən, bu kəndlərdən keçirdi. Biz qısa müddət ərzində yeni yol çəkərək həm Laçına, həm də Zabux və Sus kəndlərinə qayıtdıq və bu gün səhər zabuxlularla mənim görüşüm olub. Onlar dünən axşam uzun fasilədən sonra – 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar isə mayın 28-dən etibarən artıq buradadırlar. Mayın 28-də – Müstəqillik Günündə mən birinci qrup laçınlılara onların evlərinin açarlarını təqdim etdim və beləliklə, Laçının dirçəliş dövrü başlamışdır. O vaxtdan bu günə qədər 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən bizim müzəffər Silahlı Qüvvələrimizdir. Fürsətdən istifadə edərək bütün şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Onların qanı-canı bahasına, qəhrəman övladlarımızın şücaəti hesabına bu gün biz buradayıq, bu gün biz doğma torpağımızda bayram şənlikləri keçiririk. Bundan böyük xoşbəxtlik ola bilməz.İndi isə biz Laçını qurub-yaradırıq. Laçına keçən ilin sentyabr ayında gələndə şəhərin mənzərəsi çox acınacaqlı idi, şəhər demək olar ki, dağılmış vəziyyətdə idi. Köhnədən qalan, işğaldan əvvəlki dövrə aid olan bir neçə yöndəmsiz bina mövcud idi. Bildiyiniz kimi, burada Ermənistan dövləti hərbi cinayət törədərək qanunsuz məskunlaşma aparırdı. Xüsusilə xarici ölkələrdən, Yaxın Şərqdən erməniləri buraya dəvət edib onları bizim, azərbaycanlıların evlərində yerləşdirmişdi. Bu, bir daha demək istəyirəm ki, hərbi cinayətdir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, Ermənistanın havadarları buna göz yumurdular. Bu, onlar üçün məqbul idi. Çünki Ermənistan dövləti kimi, Ermənistanın xaricdəki havadarları da hesab edirdilər ki, bu torpaqlar əbədi işğal altında qalmalıdır. Bizim iradəmiz, bizim gücümüz, bizim yumruğumuz onların da başına dəydi. Çünki bizim torpağımızda ikinci Ermənistan, ikinci erməni dövlətinin yaradılması təkcə Ermənistan rəhbərliyinin məhsulu deyildi.Xatırlayıram, 50 yaşım tamam olanda mən laçınlılarla Qarabağda, Qarabağın Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində görüşmüşdüm və onlara demişdim ki, – yeni köçkün şəhərciyi açılırdı, – dövlət sizi daha yaxşı şəraitlə təmin edir, ancaq torpaqlarımız azad olunandan sonra sizin üçün Laçında daha gözəl şərait yaradacağıq və belə də oldu. Əlli yaşımı Ağcabədidə laçınlılarla qeyd etmişəm, 60 yaşımı Şuşada qeyd etmişəm, Cıdır düzündə, bu gün də Laçın Şəhəri Günündə sizinlə birlikdə bu bayram tədbirlərində iştirak edirəm. Bu böyük xoşbəxtlikdir, mənim üçün, sizin üçün, hər birimiz üçün. Biz xoşbəxt günləri yaşayırıq və əminəm ki, xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük.
Bir məsələyə də toxunmaq istərdim. Bildiyiniz kimi, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq.
Ona görə Laçın rayonu ilə bağlı bir çox önəmli tarixi hadisələr baş vermişdir. Bu gün Laçın şəhəri görün, necə də gözəldir cəmi 8-9 ay ərzində, heç bir il keçməyib. Biz bərpa işlərinə keçən ilin oktyabr ayında başlamışdıq, artıq bu gün biz Laçında qonaqları qəbul edirik. Azərbaycanın müxtəlif yerlərindən qonaqlar gəlib, xarici ölkələri təmsil edən diplomatlar gəlib. Bu, bir daha göstərir ki, xalqımız öz doğma torpağında qurub-yaradan xalqdır.
Əziz laçınlılar, mən sizi bir daha ürəkdən salamlayıram, Şəhər Günü münasibətilə təbrik etmək istəyirəm. Əminəm ki, siz öz dədə-baba torpağınızda rahat, xoşbəxt yaşayacaqsınız. Siz buna layiqsiniz. 30 il siz həm fiziki, həm də mənəvi əzab çəkmisiniz. Bu gün isə artıq dirçələn Laçın, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz istədiyimizə hər zaman nail oluruq.
Bir daha sizi təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!
Bizi Seçdiyiniz üçün təşəkkür edirik