Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov kənddə görüləcək işlər barədə dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, Füzuli Beynəlxalq Hava Limanından 10 kilometr məsafədə, rayonun cənub-qərbində yerləşən kəndin inzibati ərazisinə Yal-Pirəhmədi və Sərdarlı kəndləri də daxildir. Qarğabazar kəndinin layihələndirilən ümumi ərazisi 152,6 hektardır. Kəndə 2 min nəfərin köçürülməsi planlaşdırılır. Burada ümumilikdə 527 fərdi ev tikiləcək. Kəndin inşasının birinci mərhələsində 181 fərdi evin tikilməsi üçün 35,5 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kəndə 181 ailənin – 629 nəfərin köçürülməsi planlaşdırılır.
Qeyd edilib ki, kənddə çoxfunksiyalı inzibati binanın, Bayraq meydanının, mədəniyyət evinin, kafe-restoranın, mərasim evinin, aptekin, idman klubunun, ailə sağlamlıq mərkəzinin, 384 şagird yerlik orta məktəbin, 128 yerlik uşaq bağçasının, istirahət və yaşıllıq zonalarının, bazar kompleksinin, kitabxananın, ticarət obyektinin, qonaq evinin, məscidin və digər zəruri obyektlərin tikilməsi planlaşdırılıb. Kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət etmək məqsədilə alternativ enerjidən istifadə və istilik tutumlu evlərin inşası nəzərdə tutulub.
Prezident İlham Əliyev Qarğabazar kəndinin təməlini qoyub.
Məlumat verilib ki, kənddə tarixi memarlıq abidələri – Şah Abbas karvansarası və Şah Abbas məscidi də bərpa olunacaq. Qarğabazar kəndi Şəki-Qarabağ-Hindistan ipək ticarəti yolu üzərində yerləşdiyindən bu yoldan istifadə edən tacirlər uzun yolun yorğunluğunu çıxarmaq üçün Qarğabazar karvansarasında gecələyirdilər. Qarabağın ən qədim məscidlərindən olan, 1684-cü ildə inşa edilən Şah Abbas məscidi el arasında Hacı Qiyasəddin məscidi kimi də tanınır.
Mahirə Abdullayeva
Bizi Seçdiyiniz üçün təşəkkür edirik