Möhtərəm cənab Prezident
Müzəffər Ali Baş Komandan kimi 44 günlük Vətən müharibəsində xalqımıza bəxş etdiyiniz Böyük Zəfər təkcə ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də Azərbaycan xalqının qürurunun, mübarizə əzminin özünə qaytarılması ilə əlamətdar olmuşdur. Bu tarixi nailiyyətlə Siz Azərbaycan dövlətçilik tarixinə ən böyük töhfəni vermiş, bununla da keçmiş, indiki və gələcək nəsillər qarşısında misilsiz xidmətə imza atmışdınız. Vətən müharibəsi Zəfəri təkcə məcburi köçkünlərimizin vətənlərinə qayıtmasını təmin etməmiş, həmçinin Qərbi Azərbaycan qaçqınlarında da doğma vətənlərinə geri qayıtmaq inamı yaratmışdır.
2023-cü il 19 sentyabr tarixində Sizin ali iradəniz və əmrinizlə Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri heç 24 saat tamam olmamış öz uğurlu nəticəsini vermiş və konstitusiya quruluşumuza təhdid yaradan qanunsuz erməni silahlı birləşmələrinin ağ bayraq qaldırması ilə nəticələnmişdir. Qəhrəman Ordumuzun bu ildırımsürətli antiterror tədbirləri ilə Azərbaycan Respublikasının Qarabağda yaşayan erməniəsilli sakinlərinin qanunsuz silahlı birləşmələrin girovluğundan xilas edilməsi baş vermişdir.
Mülki əhaliyə və humanitar obyektlərə heç bir zərər vermədən, yüksək peşəkarlıqla həyata keçirilən antiterror tədbirləri Zati-alinizin insanpərvər siyasətinin və ordumuzun peşəkarlığının göstəricisidir. Qərbi azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli şəkildə geri qayıtmaq çağırışlarına heç bir cavab verməyən bir sıra beynəlxalq təşkilatların və dövlətlərin ikili standartlara söykənən qərəzli yanaşmasına qarşı Azərbaycan xalqının və dövlətinin haqlı mövqeyini daim rəhbər tutmanız ölkəmizə yeni Zəfəri yaşatdı.
Əminik ki, Zati-alinizin vurğuladığı “Azərbaycanda yaşayan etnik qrupların bütün nümayəndələri eyni hüquq və vəzifələrə, təhlükəsizlik səviyyəsinə malikdirlər” sözləri bu gün qərəzli açıqlamaları ilə erməni lobbisinin diqqətini çəkməyə çalışanlara böyük insanlıq dərsi olacaqdır.
Cənab Prezident, Zati-alinizi və rəhbərliyiniz altında döyüşən qəhrəman Azərbaycan Ordusunu yeni Zəfər münasibətilə ürəkdən təbrik edir, Vətənimizə sülh və səadət arzulayırıq.
İnanırıq ki, bu Zəfər Azərbaycanın erməniəsilli sakinlərinə təhlükəsiz həyat bəxş etdiyi kimi, Qərbi azərbaycanlıların da ana vətənimizə qayıtmasına böyük töhfə verəcəkdir.
Dərin hörmətlə,
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov,
Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov,
Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov,
Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov,
Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı,
Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov,
Gənclər Birliyinin sədri, Milli Məclisin deputatı Ramin Məmmədov,
Qəyyumlar Şurasının sədri Mürvət Həsənli,
Azərbaycan Respublikası, Bakı şəhəri.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik