“Moskvanın Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı verdiyi mesajlar ziddiyyətləri artırır. Putinin “Valday”da dedikləri sülhməramlılara artıq ehtiyacın qalmadığı və Rusiyanın mövcud reallığı qəbul etdiyi fikrini önə çıxardı. Lakin Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin dünən bəyan etdi ki, “sülhməramlı kontingentə tələbat var, Qarabağda qalan ermənilərlə təmaslarda vasitəçilik edir, bununla yanaşı, gedənlər yenidən qayıda bilər və rus hərbçilərinin mövcudluğu onlar üçün sakitlik faktoruna çevriləcək””.
Musavat.com xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı bildirib.
Onun sözlərinə görə, Rusiyanın sülhməramlıları bölgədən çıxarmaq istəmədiyi bəllidir:
“Lakin Qarabağda buna nə qədər nail ola biləcəkləri də sual altındadır.
Birincisi, rəsmi Bakı Xankəndi də daxil olmaqla, sülhməramlıların keçmiş nəzarət zonasında mərkəzi hakimiyyətin bərpası prosesini sürətləndirir: bu ərazilərin təhlükəsizliyinin qorunması işini də artıq Azərbaycan polisi və hərbçiləri həyata keçirir;
İkincisi, Xankəndidə qalan əhalinin mərkəzi hakimiyyətlə təmaslarında üçüncü tərəfin vasitəçiliyinə ehtiyac azalır: ermənilərin dövlət qurumlarına müraciətləri bunu təsdiq edən əsas amildir;
Üçüncüsü, Rusiya gedənlərin geri qaytarılmasına çalışsa da, bu perspektiv zəifdir: gedən ermənilərin sülhməramlılara inamı qalmayıb, eyni zamanda qayıtmaq istəyənlər Laçın postundan Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda keçə biləcəklər və bu, onların inteqrasiyanı da qəbul etməsi deməkdir”.
Ekspert “Rusiyanın sülhməramlılarla bağlı planı nədir?” sualını da cavablandırıb:
“Lavrovun bu gün dedikləri bunu müəyyən qədər anlamağa imkan verir. Rusiyanın baş diplomatı bildirir ki, “İrəvan və Bakı iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın bərqərar olması və etimadı möhkəmləndirməyin vaxtı çatıb. Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına öz töhfəsini verməyə hazırdır”.
Bu açıqlamadan 2 nəticə çıxır:
Birinci, Rusiya sülhməramlılarını Qarabağda saxlamaq üçün Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına xidmət etmək adı altında yeni “missiya” ortaya atır: Hərçənd, Qarabağ məsələsi artıq Azərbaycan-Ermənistan danışıqlarından həm hüquqi, həm de-fakto çıxıb, bu baxımdan sülhməramlılar Qarabağda qaldığı müddətdə bölgəyə heç bir “töhfə” verə bilməz, əksinə, Bakı ilə münasibətlərin gərginləşməsini vəd edir.
İkinci, Rusiya Qarabağda qalma perspektivi çətinləşən sülhməramlı qüvvələrini bizim ərazimizdən çıxaracağı təqdirdə, bölgədə saxlamaq niyyətindədir: Qarabağın Moskva üçün Bakı və İrəvanı öz orbiti ətrafında saxlamaq rolu azalıb, ruslara Azərbaycan və Ermənistan arasında yeni platforma lazımdır, istisna deyil ki, sülhməramlı kontingenti həmin platformaya köçürmək planları var.
İkinci variant daha real görünür, lakin bu platforma hara olacaq, sülhməramlılar iki ölkənin sərhədində dayana bilərmi, yaxud anklavların qaytarılacağı təqdirdə, bu ərazilərə çıxış üçün verilməli olan kiçik dəhlizlərmi seçiləcək ? Açıq qalan suallar var”.
Bizi Seçdiyiniz üçün təşəkkür edirik