Sumqayıt Tibb Mərkəzində mammoqrafiya skrininqinə start verilib
Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə süd vəzi xərçənginin erkən diaqnostikası məqsədilə mammoqrafiya skrininq müayinələri aparılmağa başlanıb.
İki ay müddətində gündəlik 30-a qədər qadın səyyar mammoqrafiya cihazı vasitəsilə müayinə olunacaq. Bu müayinələr süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanmasına və vaxtında müalicə imkanlarının yaradılmasına xidmət edir.
TƏBİB tərəfindən həyata keçirilən layihənin əsas məqsədi qadın sağlamlığının qorunmasını gücləndirmək və ölkəmizdə onkoloji xəstəliklərin vaxtında aşkarlanmasına dəstək verməkdir.
Təcrübəli radioloqlar və tibb personalı tərəfindən həyata keçirilən skrininq müayinələri qadınlara həm əminlik, həm də sağlamlıqla bağlı öncədən xəbərdarlıq imkanı yaradır.
Bu təşəbbüs ölkəmizdə qadın sağlamlığının qorunmasında mühüm addım olmaqla, erkən diaqnostikanın əhəmiyyətini bir daha vurğulayır.
Qeyd edək ki, mammoqrafiya – süd vəziləri toxumasının rentgen üsulu ilə görüntülənərək xərçəng və digər xəstəliklərin erkən mərhələdə aşkarlanmasını təmin edən tibbi müayinə metodudur.
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik
