Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının həkim-infeksionisti Afina Abdulova yayda infeksion xəstəliklərinin əsas səbəblərindən danışıb: “Bakteriyalar (bağırsaq və dizenteriya çöpləri, stafilakokk, salmonella), viruslar (rotavirus, enterovirus) və iptidailər (amyoba, lyabliya, malyariya) infeksion xəstəliklərin yaranmasının əsas səbəbləridir. Yayda bağırsaq infeksiyalarının rastgəlmə tezliyi artır.Bağırsaq infeksiyası zamanı simptomlar: qusma, qarında ağrılar,duru nəcis ifrazı,hərarətin 38 və daha yüksəyə qalxmasıdır. Bu zaman ən təhlükəlisi bədənin susuzlaşmasıdır. Xüsusilə uşaqlarda bu əlamətlər özünü kəskin biruzə verir.”
Mütəxəssisin sözlərinə görə, həkim müayinəsinə qədər növbəti məsləhətləri yerinə yetirmək lazımdır: “Mümkün qədər az-az, tez-tez su qəbulu, hərarət salıcıları termometrin göstəricisi 37,5 dərəcəni keçəndə verilməlidir, qida olaraq ancaq asan həzm olunan yüngül qidalar ( yağsız düyü şorbası, soyutma kartof ,suda bişmiş sıyıqla, yağlı və qızarmalardan imtina edilməlidir). Müalicəni yalnız həkim təyin edir”.
A.Abdulova qeyd edib ki, rotavirusa kirli əllərdən, xəstə tərəfindən istifadə edilmiş əşyalardan yoluxmaq olar, törədici suda uzun müddət qala bilir, ona görə də təbii su hövzələrində və bəzən hovuzda çimən zaman yoluxma baş verə bilər: “Xəstəlik əzginlik, yüksək hərarət, boğazda ağrı və qıcıqlanma, burunda tutulma, ürəkbulanma, qusma, diareyya əlamətləri ilə başlayır. Müalicə digər bağırsaq infeksiyarında olduğu kimidir. Salmonellyoz törədicisi əsasən yumurta və süd məhsullarında artır. İstidə bu bakteriyaların artması sürətli olduğu üçün süd və yumurtanın yayda saxlanmasına fikir vermək lazımdır. Dizenteriyanın törədicisi Shigellalara aiddir. Bu xəstəliyə infeksiyalaşmış sudan, yuyulmamış meyvə tərəvəz, göyərtidən, həmçinin xəstə və sağalmaqda olan şəxslərin məişət əşyalarından yoluxmaq olar. Milçəklər xəstəlik törədicilərini yaya bilir.”
Həkim-infeksionist vurğulayıb ki, yuxarı tənəffus yollarının kəskin xəstəliyin yay aylarında baş vermə səbəbi çox isti havada sərinləşdirici içkilərin içilməsi, dondurmalar ola bilər: “Bu zaman soyuğun təsirindən streptokoklar aktivləşir və iltihabi prosesin başlanmasına səbəb olur. Yay aylarında patogen mikroorqanizmlədən qorunmaq üçün həkimlərin məsləhəti odur ki, qida qəbulundan əvvəl əllər yuyulmalı, tez korlanan qidalar soyuducuda saxlanılmalıdır, təzə bitki tərkibli qidalar isti su ilə diqqətli yuyulmalıdır, qida məhsullarınınn yanında milçək və digər həşəratların olmasına yol verilməməli, evdə təmizliyə riayət edilməlidir. Xəstəlik başladığı zaman gecikmədən həkimə müraciət etmək lazımdır.”
Bizi Seçdiyiniz üçün təşəkkür edirik