Yevlaxda təhsil sferasındakı nöqsanlardan yazdığıma görə Mərkəzi Aran Regional Təhsil İdarəsinin hədəfinə çevrilmişəm.
Xüsusən də regional idarənin sektor müdiri Nadimə xanım və Yevlax Şəhər 4 nömrəli tam orta məktəbin direktoru Zərif xanım üçün sanki kabusa çevrilmişəm. Ay xanımlar, sizin işiniz barədə tək mən yazmıram.
Mən şikayətçilərin mövqeyini bildirirəm. Siz isə qarşı tərəf olaraq öz mövqeyinizi bildirmək əvəzinə hədə-qorxu yolunu seçirsiniz.
İndi bilmişəm ki, Yevlax rayonunda təhsilin vəziyyətini yoxlamaq üçün oraya komissiya ezam olunub. Eşitdiyimə görə Zərif xanım bunu da məndən görür. Xeyr, hörmətli direktor. Yuxarıda da dediyim kimi, mən bir şikayət əsasında yazıb bəzi problemləri bildirmişəm. Şikayətçiləriniz yəqin az deyil ki, artıq yoxlama da gəlib.
Sözardı olaraq bir qeyd də edim. Mərkəzi Aran Regional Təhsil İdarəsinin keçmiş müdiri, hazırda isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Vaqif oğlu Kərimov barədə aidiyyəti qurum tərəfindən qanuni icra sənədinin tələblərini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilib. İşə Gəncə Şəhər Məhkəməsində baxılacaq. Protokol təsdiq edilərsə, idarə müdiri min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimələnə bilər.
Xatırladaq ki, Elçin Vaqif oğlu Kərimov oktyabrın 30-da Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri təyin edilib.
Hörmətli Namidə xanım, Zərif xanım. Bu da sizin keçmiş rəhbərinizin qanunu saymadığına dair daha bir fakt. Bu adam hələ bir neçə ay əvvələ kimi işlədiyiniz idarənin böyüyü idi. Qanun-qaydaya necə əməl etdiyi göz qabağındadı. Necə deyərlər, görünən dağa nə bələdçi!
Bizi Seçdiyiniz üçün təşəkkür edirik