YURDUMUZA əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz gəlir.
QƏDİM TÜRKLƏRİN “Yenidən Doğuş – Ergenekon”, “Yeni Gün” bayramıdır.
Novruz bayramı, Azərbaycan mədəniyyətinin ən rəngarəng və ənənəvi bayramlarından biridir. Bu bayramın ən əhəmiyyətli hissələrindən biri də NOVRUZ çərşənbələridir.Bu çərşənbələr, hər birinin özünəməxsus adətləri, ənənələri və mənası ilə insanlar arasında bərabərlik və təbiətlə harmoniya yaratmaq məqsədi daşıyır.
NOVRUZDAN əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir Çərşənbələr yazın gəlişindən xəbər verir.
AZƏRBAYCANIN müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür:
1. Yalançı çərşənbə.
2. Xəbərçi çərşənbə.
3. Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur).
4. İlaxır çərşənbə.
ƏSLİNDƏ İSƏ BU CÜRDÜR.
1. Su çərşənbəsi.
2. Od çərşənbəsi.
3. Yel çərşənbəsi.
4. İlaxır çərşənbə.
QƏDİM TÜRKLƏR yaradılışın əsası olan 4 ünsürə tapınmış, onların hər birini bayram kimi qeyd edərək, 4 çərşənbə yaradıblar. Həmin çərşənbələrin birincisi isə Su çərşənbəsi adlanır. Yaradılışın əsası olan 4 ünsürdən (SU, OD, YEL, TORPAQ) biri olan su qədim zamanlardan bu günə kimi insanlara həyat bəxş edir, yaşamın, təbiətin məhv olmasının qarşısını alır.
BUNA GÖRƏ də su müqəddəs sayılır. Su həyat mənbəyidir. Susuz yaşam olmaz. İnsanlar gündəlik ehtiyaclarını, təmizliklərini, yeməklərini, məişətdəki hər bir işini su vasitəsilə edir.
AZƏRBAYCANDA Su çərşənbəsi “Kiçik çillə” bitəndən sonra, Boz ayın ilk həftəsinin çərşənbə axşamı günü qeyd edilir.
Su çərşənbəsi də suya tapınma ilə başlayır. Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və başqa ayinlər …Qədim türk düşüncəsində isə su hər şeyin başlanğıcı hesab olunub.
SU çərşənbəsinin özünəməxsus özəllikləri var. Bu çərşənbəyə qədər evdə olan əşyalar su ilə paklanıb təmizlənir. Həmin gün tonqal qalanmır, şam yandırılmır, gün dönəndən sonra qohum-qonşuya evdən nə isə verilmir. Su qabları təzə su ilə doldurulur, stolun üstünə qrafində su qoyulur.
SU çərşənbəsi ilə bağlı su falları da var.
Bəzək əşyaları ilə su falı.
İynə ilə su falı.
Üzüklə su falı.
GƏLİN köçən qızların, səfərə, ziyarətə gedənlərin arxasınca su atmaq, su ilə yola salmaq da xalqımızın ənənəsidir.
“DƏDƏ QORQUD” dastanında Dədəm Qorqud elin-obanın bayram şənliklərində 7 tonqal qalayıb, dünyanın hər yerində yaşayan türk övladlarına, obalara-ellərə, bayram təbriki göndərərdi. Hətta çıxılmaz bir yolun sorğusunu da sudan alardı. Məsələn, SALUR QAZANIN evinin yağmalanması boyunda belə bir məqam var: “SU Haq didarın görmüşdür, mən bu suya xəbərləşim”-deyir. Və çadırın qarşısından axan çayın yanında dayanıb sudan soruşur: “ORDUMUN xəbərin bilirmisən degil mana! QARA başım qurban olsun, suyum sana!”. Və suya belə inamın, ehtiramın olmasındandır ki, türk xalqları bir birinə alqış edəndə, “SUCAN ömrün olsun”, “SU murdarlıq götürməz”, “OCAGİNİZ isti, suyunuz sərin olsun”, “SULARİNİZ axarlı-baxarlı olsun” – deyirlər.
Sevda Amanova
Sosial Platformamızı bəyəninBizi Seçdiyiniz üçün təşəkkür edirik